...

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi növbəti seminar-müşavirə keçirib

Cəmiyyət Materials 12 Mart 2022 21:25 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda “Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Trend xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin, ayrı-ayrı müəssisələrin məsul vəzifəli nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən danışaraq, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Rəis müavini sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək, bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun baş mütəxəssisi Nəsib Nəsibov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb, sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara məlumat verib.

Tədbirdə Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov, Metallurgiya sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi İlqar Qocayev, Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəis vəzifəsini müvəqqəti icra edən Eldar Əhmədov, "Azneft" İB-nin SƏTƏM şöbəsinin rəisi Mübariz Şamilov, "Azəriqaz" İB-nin SƏTƏM şöbəsinin rəisi İlkin Behbudov çıxış edərək texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, qaldırılan suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti