Bakı. Trend:
“Qida təhlükəsizliyi haqqında” yeni qanunun təsdiqi və icrası istehlak bazarında qiymətlərə təsir göstərməməlidir, çünki qanunun məqsədi xərci artırmaq deyil, təhlükəsizlik tədbirləri tətbiq etmək və qida təhlükəsizliyini gücləndirməkdir.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bununla belə bəzi sahibkarlar süni şəkildə qiymət artımına gedə bilərlər.
“Bu tip islahatlar aparılan zaman təəssüf ki, bəzi sahibkarlar tərəfindən qiymətin süni artırılması və yaxud xərc artmadığı halda qiymət artımına gedilməsi halları olur. Xüsusən də şadlıq saraylarında, restoranlarda belə süni qiymət artımı müşahidə edilə bilər.
Bu baxımdan bu qanunun tətbiqi prosesinə uyğun olaraq süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinə də ehtiyac var.
Süni qiymət artımlarının qarşısının alınması ilə sistemli tədbirlərin genişləndirilməsi vacibdir ki, qida təhlükəsizliyi ilə bağlı qaydalar təkmilləşdikdən sonra sahibkarlar bundan qiymətləri süni şəklidə artırmaq üçün istifadə etməsinlər”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, Milli Məclis aprelin 12-də “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini ikinci oxunuşda qəbul edib.
Qanun layihəsi Azərbaycan Respublikasının ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.