...

Bədii gimnastika üzrə Dünya Kuboku yarışları çox xoş təəssüratlar bəxş etdi - "Avroviziya-2011"in qalibləri (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2022 23:21 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kuboku yarışları çox xoş təəssüratlar bəxş etdi - "Avroviziya-2011"in qalibləri (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə Dünya Kuboku yarışları çox xoş təəssüratlar bəxş etdi.

Bunu Trend-ə yarışları tamaşaçı qismində ziyarət edən "Avroviziya-2011"in qalibləri, Azərbaycanın tanınmış ifaçıları Eldar Qasımov və Nigar Camal deyiblər.

"Dünya Kuboku möhtəşəm təşkil olunub, tədbir bizə çoxlu xoş təəssürat və müsbət emosiyalar bəxş etdi. Milli Gimnastika Arenasında heyrətamiz ab-hava var. Amma ən əsası Azərbaycan komandasının qələbəsidir, gimnastlarımızı təbrik edirik. Onların qələbəsinin şahidi olmaqdan məmnunuq", - deyə E.Qasımov bildirib.

"Yarışlar möhtəşəmdir, parlaqdır, təşkilatçılar hər şeyi ən xırda detallarına qədər düşünüblər. Azərbaycanın tədbirlərə daha çox ev sahibliyi etməyini istərdim", - deyən Nigar Camal kiçik qızının Londonda idman gimnastikası ilə peşəkar şəkildə məşğul olduğunu bildirib.

Eldar Qasımov və Nigar Camal hansısa gimnastika yarışının ulduz səfirləri olmaqdan məmnun olacaqlarını vurğulayıblar.

"Bu, bizim üçün böyük şərəf olardı, bu yolla da idmanın əhali arasında yayılmasına öz töhfəmizi verərdik. İdman həmişə həyatdır, sağlamlıqdır və hamımız bilirik ki, idman gimnastikadan başlayır. İstərdik ki, gənc nəsil idmana daha çox maraq göstərsin, bütün vaxtını sosial şəbəkələrdə keçirməsin. İdmanla məşğul olmaq - yüksək məqsədlərə çatmaq, işləmək, irəliləmək üçün motivasiya edir və xarakter, iradə və nizam-intizam hissini tərbiyə edir", - deyə "Avroviziya-2011"in qalibləri bildirib.

Eldar Qasımovun sözlərinə görə, bədii gimnastika öz istiqamətinə görə rəqs sənətinə yaxındır.

"Bədii gimnastika idman və incəsənətin birləşməsidir. İdmançı bunu düzgün birləşdirə bilirsə, gözəl nəticə alınır. İdman da musiqi kimi insanları bir araya gətirir", - deyə E.Qasımov əlavə edib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilib. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti