Bakı. Trend:
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Şəmkir rayonunda qolunu doğrayaraq xəstəxanada ölən şəxsin işgəncələrə məruz qalması ilə bağlı faktı araşdırıb.
Komitənin sədr müavini Elçin Şirinov Trend-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı komitə rəhbərliyi hadisə yerində olub.
Mayın 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib. Müraciət ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrkən həmin qadın ilə A. Cabbarovun mübahisəni davam etdiklərini gördükdə vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıb. Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındırıb, həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Arzu Cabbarov dərhal əməliyyat edilsə də, əməliyyatdan az sonra vəfat edib. Hadisə Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir.
Məsələ ilə bağlı Komitə sədri Tural Hüseynov və mən hadisə yerində olduq və araşdırma apardıq. Aparılan araşdırma zamanı həmin şəxsə qarşı hər hansısa bir işgəncə faktı aşkar edilmədi", - E.Şirinov bildirib.