...

Ağdam Cümə Məscidi belə bərpa edilir - Trend TV-nin reportajı (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 May 2022 11:47 (UTC +04:00)
Ağdam Cümə Məscidi belə bərpa edilir - Trend TV-nin reportajı (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam şəhərindəki Cümə Məscidində təmir-bərpa işlərinə start verilib. Bərpa işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. Məscidin əvvəlki görkəminə xələl gəlməməsi üçün bütün prosesə həssaslıqla yanaşılır.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Ağdamda olub, məscidin restavrasiya prosesini izləyib.

Ağdam Cümə Məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunub. Cümə məscidi Ağdamın işğalı dövründə nisbətən az dağıntıya məruz qalmış yeganə tikilidir.

Restavrasiyası ilə bağlı layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb. Əvvəlcə məscidin örtük və sement birləşmələri tamamilə çıxarılıb. Burada həyata keçirilən bütün işlər tarixi kərpiclərin zədələnməməsi üçün əl ilə həyata keçirilir. Bərpa prosesi zamanı fasadlar təmizlənir, zədələnmiş və ya qırılmış kərpiclər bərpa edilir, karxana daşı hörgüsü əhəng əsaslı birləşmiş məhlul ilə yenidən işarələnir.

Restavrasiya işlərinin rəhbəri Roman Burger Trend TV-yə bildirib ki, işlər sürətlə davam edir: “Mən buraya gələndə məscid çox dağılmışdı, bərbad vəziyyətdə idi. Üzərində də mərmər döşəmələr var idi. İlk işimiz mərmərləri çıxarmaq oldu. Sonra fasadı təmizlədik. Buranın fasadında sement birləşmələrindən istifadə olunmuşdu. Biz həmin birləşmələri təmizlədik. İndi həmin daşların arasını açırıq ki, restavrasiyada əhəng əsaslı birləşmiş məhluldan istifadə edəndə, o daşları bir-birinə yapışdırsın”.

Tarixi görüntülərdən də aydın olur ki, məscid əvvəlcə taxta dam örtüyü ilə örtülüb, kərpic günbəzlər damın altında havadan və küləkdən qorunub. Müsahibimiz bildirir ki, ilkin mərhələdə damın bütün landşaftı son biogen artımından azad ediləcək, qübbələr üzərində qırılan hörgü birləşmələri və gips örtükləri çıxarılacaq. Konservasiya zamanı çatışmayan, zəifləmiş və ya qeyri-sabit hörgü və tonoz konstruksiyaları yenilənəcək:

“Növbəti mərhələdə biz minarələri təmizləyəcəyik. Eyni gördüyünüz bu iş minarələrdə də tətbiq olunacaq. İşin bitməyi və gedişatı hava şəraitindən asılıdır. Nə çox yağışlı hava bizə sərf eləyir, nə də çox isti. Ümüd edirik ki, yay çox isti keçməyəcək. Havalar çox isti olmadığı halda çalışacağıq ki, maksimum tez işləyib məscidi əvvəlki görünüşünə qaytaraq”.

Həmçinin məscidin namaz zalında əsas kərpicdən başqa bütün gips çıxarılaraq, sonrakı mərhələ üçün hazırlanacaq. Bütün otaqlarda əhəng əsasında yeni, üçqatlı suvaq sistemi tətbiq ediləcək, son qatda ilk versiyaya uyğun mineral boya tətbiq olunacaq. Nəzərə alsaq ki, məscidin mehrabı hazırda qəzalı vəziyyətdədir, burada da işlərin aparılması nəzərdə tutulur. Qeyd edək ki, bərpa işləri bütövlükdə tarixi görünüşə xələl gəlmədən həyata keçiriləcək.

Trend TV-nin hazırladığı videoperportajı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti