Bakı. Trend:
10-12 iyun 2022-ci il tarixlərində Bakı şəhərində keçiriləcək növbəti Formula-1 yarışları ilə əlaqədar xidmət təşkilatı kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mühüm tədbirlər həyata keçirilir. Yarışların keçiriləcəyi küçə və prospektlərin, istifadə olunacaq idman və turizm obyektlərinin içməli və tullantı su sistemlərinin fəaliyyətinin dayanıqlığını təmin etmək üçün lazımi işlər görülüb.
ASC-dən Trend-ə bildirilib ki, tədbirə yüksək səviyyədə hazırlaşmaq və qarşıya çıxa biləcək problemlərin operativ qaydada həlli məqsədilə “Azərsu” ASC-də komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Eyni zamanda, işlərin operativ və koordinasiyalı aparılması məqsədilə qərargah yaradılıb.
Tədbirlər Planına uyğun olaraq yarışların keçiriləcəyi
ərazilərdə içməli və tullantı su infrastrukturlarının normal
fəaliyyətini təmin etmək və yarana biləcək qəza hallarının operativ
şəkildə aradan qaldırılması məqsədilə monitorinq və qiymətləndirmə
işləri aparılıb. Yarışların keçiriləcəyi yerlərdə içməli su
xətlərinin üzərindəki siyirtmələrin istismar vəziyyəti yoxlanılıb.
Marşrut boyu bütün siyirtmə quyuları və yanğın hidrantları təftiş
olunub, mövcud siyirtmələrin və yanğın hidrantlarının işlək
vəziyyətdə olması üçün profilaktiki tədbirlər görülüb.Mexaniki
vasitələrlə və xüsusi təmizləyici maşınlarla 9 km-dək kanalizasiya
xətləri, 300-dən artıq kanalizasiya baxış quyusu və barmaqlıq
təmizlənib.
Yarışların keçiriləcəyi günlərdə ehtimal olunan qəza hallarının
operativ şəkildə aradan qaldırılması məqsədilə xüsusi briqadalar
yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza
briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin
olunması üçün zəruri tədbirlər görülüb.
“Azərsu” ASC-nin “Bakı Sukanal”, Səbail, Yasamal və Nəsimi rayon
sukanal idarələrinin 80-dək əməkdaşı təlimlərə cəlb olunub.
Təlimlərdə qəza hallarının operativ şəkildə aradan qaldırılması,
əməyin təhlükəsizliyi və digər məsələlər barədə məlumatlar verilib.
Təlimə cəlb olunan işçilər nəzəri biliklərlə yanaşı, praktiki
məşqlərdə də iştirak ediblər.
Qeyd edək ki, yarışlarla əlaqədar idman və turizm obyektlərinin
içməli və tullantı su sistemlərinin fəaliyyətinə nəzarət də
gücləndirilib. Bu məqsədlə “Azərsu” ASC-nin mütəxəssisləri
tərəfindən mütəmadi olaraq obyektlərin içməli və tullantı su
sistemlərinə baxış keçirilir, aşkarlanmış nöqsan və
çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər
görülür, sahibkarlıq subyektlərinə tövsiyələr verilir.