...

BŞTİ Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib (FOTO)

Cəmiyyət Materials 20 İyul 2022 12:25 (UTC +04:00)
BŞTİ Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib (FOTO)

Bakı. Trend:

22 iyul-Milli Mətbuat Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən media nümayəndələri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirdə təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və KİV nümyəndələri iştirak ediblər.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu və mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini bildirib. Hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunduğunu deyən təhsil nazirinin müşaviri bu faktı cəmiyyətin mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirib. KİV nümayəndələrini peşə bayramı münasibətilə təbrik edən E.Nəsibov onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva media təmsilçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib. Həmçinin təhsildən yazan, maarifçilik, məktəb təəssübkeşi olan qələm adamları ilə görüşdən məmnunluğunu ifadə edib.

Azərbaycan mediasının zəngin ənənələri olduğunu deyən M.Vəliyeva bütün peşəkar media qurumlarının təhsilə, məktəbə daim dəyər verdiyini və bu sahənin fəaliyyətinin obyektiv işıqlandırılmasında həssaslıq göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan mətbuatının inkişafında ulu öndər Heydər Əliyevin rolundan bəhs edən İdarə müdiri ölkəmizdə demokratik mətbuatın formalaşmasında, onun hüquqi-normativ bazasının yaradılmasında, azad sözün, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli liderin xidmətlərindən bəhs edib.

Həmçinin İdarə müdiri onu da qeyd edib ki, mətbuatın inkişafına dövlət qayğısı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycanda demokratik mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, fikir və mətbuat azadlığının təmin edilməsində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər bütün dünyada yaxşı bir örnək kimi qəbul olunur.

Media nümayəndələri təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Sonda media nümayəndələrinə Təşəkkürnamə və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti