...

Baş prokuror Gürcüstana səfər edib (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2022 11:24 (UTC +04:00)
Baş prokuror Gürcüstana səfər edib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisiyə işgüzar səfərə gedib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nümayəndə heyəti tərəfindən Tbilisidə Ulu öndər Heydər Əliyevin adına park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq Ümummilli liderin xatirəsi ehtiramla yad edilib.

Sentyabrın 24-də Assosiasiyanın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilata yeni üzvlərin qəbul edilməsi, İcraiyyə Komitəsinin fəaliyyətinə dair hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb. 2024-cü ilin sentyabrında ölkəmizdə keçiriləcək Assosiasiyanın 29-cu illik konfransı və ümumi yığıncağı, həmçinin növbəti ilin may ayında Türkiyənin İstanbul şəhərində regional konfransı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan və Gürcüstan baş prokurorlarının geniş tərkibdə görüşü keçirilib. Səmimi qəbula və Azərbaycanın nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə həmkarına təşəkkürünü bildirən Kamran Əliyev ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu vurğulamaqla bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Baş prokuror həmkarına dünya ölkələrinin prokurorlarını bir araya gətirən beynəlxalq tədbirin işinə uğurlar arzu edib. İrakli Şotadze öz növbəsində xoş sözlərə görə təşəkkürünü bildirərək cari ilin iyul ayında ölkəmizə işgüzar səfəri zamanı əldə olunmuş razılıqların hər iki tərəf üçün faydalı və əhəmiyyətli olacağını vurğulayıb. Tərəflər konkret cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərini müzakirə edərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb. Görüşdə ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak edib.

Xəbər lenti

Xəbər lenti