...

Biz minbəri xaricdə dini təhsil alan insanlara etibar edə bilmirik - Səyyad Salahlı (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2022 11:44 (UTC +04:00)
Biz minbəri xaricdə dini təhsil alan insanlara etibar edə bilmirik - Səyyad Salahlı (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Azərbaycanda fəaliyyət göstərən məscidlərdə din xadimlərinə kifayət qədər ehtiyac var.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı “Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, məscidlərimizdə ölkədəki dini elmi mərkəzləri bitirənlər din xadimi kimi işləyə bilər.

“Həmçinin dini təhsili olub, amma diplomu olmayanlar da fəaliyyət göstərə bilər. Lakin onlar imtahan verməlidirlər. Bu gün Azərbaycan məscidlərində İlahiyyat İnstitutunu, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirən, mədrəsələrin nümayəndələri din xadimi vəzifəsini tutmalıdır”.

S.Salahlı xaricdə dini təhsillə bağlı məsələyə də münasibət bildirib:

"Biz minbəri başqa ölkələrdə dini təhsil alan insanlara etibar edə bilmirik. Çünki onlar kimlərdən dərs alıblarsa onları da təqlid edirlər. Azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərləri lazımınca ifadə edə bilmirlər. Mütləq şəkildə onlarda yad təsir hiss olunur. Bu da istər-istəməz onların ideoloji səhvlərinə və təxribatlarına gətirib çıxarır. Təbii ki, biz də dövlət olaraq buna imkan verə bilmərik və qarşısı alınmalıdır. Bu günə qədər 50-ə yaxın din xadimi imtahan verib. Bizdə imtahanlar çox şəffaf keçirilir. 7 nəfərdən ibarət nümayəndə imtahan götürür və hər bir din xadiminə savadına uyğun şəkildə fərdi formada qiymətləndirilmə aparılır. Qiymətlər toplanaraq müəyyən balı yığan ruhanilər sertifikat alıb təyinatı üzrə göndərilirlər”, - deyə o, bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti