...

Mədə xorası və onikibarmaq bağırsaq xorası (VİDEO)

Cəmiyyət Materials 5 Dekabr 2022 14:00 (UTC +04:00)
Mədə xorası və onikibarmaq bağırsaq xorası (VİDEO)

Bakı. Trend

Mədə xorası və eyni zamanda onikibarmaq bağırsaq xorası günümüzdə geniş yayılmış, lakin şiddətli şikayətlər olmadıqca, əhali arasında çox da önəmsənilməyən xəstəliklərdəndir. Xora mədənin üst təbəqəsini qoruyan mukozanın öz qoruyucu təsirini itirməsi və mədə turşusunun təsirindən yaraların əmələ gəlməsinə deyilir. Mədə xorasının əsas başlıca səbəbi isə “Helicobacter Pylori” adlanan bir bakteriyadır. Bundan əlavə sinir, stres kimi səbəblərlə də bağlı olaraq mədə xorası əmələ gələ bilər. “Mədə xorası nədir, onun əlamətləri hansılardır” – bu barədə məlumatlanaraq, özünüzdə də bu xəstəliyin mövcud olub-olmamasını aydınlaşdıra bilərsiniz.

Həzm sistemi xəstəliklərindən olan mədə xorası əhali arasında çox sıx rast gəlinməkdədir. Bağırsaq xoraları daha çox yetkin yaşı keçmiş kişilərdə rastlanır və qadınlara nisbətən bu xəstəlik onlarda üç dəfə daha çox görülməkdədir. Qadınlarda isə bu göstəricilərin 60 yaşından sonra görülmə sıxlığı artır. Buna baxmayaraq, mədə xorası isə qadın və kişi pasiyentlər arasında təxminən eyni nisbətdə aşkar olunur.

Xora necə əmələ gəlir?

Onikibarmaq bağırsaqda və mədənin daxili təbəqəsində meydana gələn aşınma nəticəsində əmələ gəlmiş yaralara xora adı verilir. Bu yaralar mədəni turşuluqdan, həzm fermentlərinin təsirindən və digər kənar faktorlardan qoruyan mukoz təbəqəsi zədələndikdə və ya funskiyasını itirdikdə meydana çıxmağa başlayır.

Peptik xoralar: Bu formada xoralar həm mədə, həm də onikibarmaq bağırsaqda görülə bilir. Mədədə əmələ gəlmiş peptik xoralar mədə xorası adlandırılır. Bu yaraların əmələ gəlməsinin əsas səbəbi “Helicobacter pylori” bakteriyalarıdır. Müalicə ümumilikdə uzun və çətin keçir.

Duodenal xoralar: Onikibarmaq bağırsaqda rast gəlinən bir xora forması olub, ən çox görülən bir formadır. Adətən döş qəfəsinin altında ağrılar meydana gəlir və xəstə ac qaldıqda ağrı hiss etməyə başlayır və belə ağrılar bir şeylər yeməyənə qədər də keçmirlər.

Mədə xorasının əlamətləri hansılardır?

Xoranın əlamətləri narahatedici və iztirablı ola bilər. Qarının üst nahiyəsində meydana gələn yanma xoranın ən çox görülən əlamətidir. Mədə xorası yemək saatları arasında özünü göstərdiyi kimi, bəzən gecələr sizi yuxudan qaldıracaq qədər də ağrı verə bilər. Xoranın əsas əlamətləri isə aşağıdakılardır:

  • Mədədə yanma və ağrı
  • Ürəkbulanma
  • Qusma ilə gedən rahatlama
  • Turş gəyirmə
  • Qəbizlik
  • İştahsızlıq
  • Çəki itkisi
  • Şişkinlik və köpün olması
  • Tez-tez acmaq
  • Yemək yedikdən sonra ağrıların azalması
  • Dispeptik əlamətlər

Ağrının baş vermə ritmi qida qəbulu və xoranın yerləşmə yeri ilə əlaqədardır. Ağrılar qida qəbulundan dərhal sonra (mədənin kardial və subkardial şöbələrinin xoraları zamanı), yeməkdən yarım saat və ya bir saat sonra (mədə cisminin xoraları zamanı) baş verir. Pilorik kanalın və soğanağın xoraları zamanı isə adətən gecikmiş ağrılar (qida qəbulundan 2-3 saat sonra) görülürük ki, bu zaman da acqarına baş verən və qida qəbulundan sonra ötüb keçən ağrılar, həmçinin gecə ağrıları müşahidə olunur.

Xora xəstəliyinin bəzən tamamilə simptomsuz gedişi də mümkündür. Bu zaman ilkin əlamətlər ancaq kəskinləşmə dövründə görülür ki, onun da ilk əlaməti qanaxmalar olur.

Mədə və onikibarmaq bağırsaq xorasını yaradan səbəbləri ümumi nəzərdən keçirək.

Helikobacter Pylori (HP)

Xoranın yaranmasında meydana gələn ən böyük səbəb helikobacter pylori adlı bakteriyadır ki, bu da xora meydana gəlməyənə qədər özünü çox da büruzə verməz. Görüldüyü andan yaraları və bir sıra həzm sistemi problemlərini ortaya çıxaran helicobacter pylori nadirən də olsa mədə xərçənginə belə gətirib çıxara bilər. Keçici bir bakteriya olduğu üçün yemək yeyərkən gigiyenik qaydalara riayət etməmək və ya çirklənmiş sulardan istifadə etməklə də orqanizmə daxil ola bilər. Ölkəmizdə müasir laboratoriyalarda analizlərlə bu bakteriyanın mövcud olub-olmaması rahatlıqla təsdiqlənməkdədir. Bu bakteriyanın mövcudluğu aşağıdakı yollarla aşkar oluna bilər.

a) İnvaziv testlər – endoskopik müayinə zamanı selikli qişadan götürülmüş bioptatda Helicobacter pylori-nin aşkar edilməsi:

  • Histoloji materialın morfoloji müayinəsi
  • Biokimyəvi müayinə (bioptatda sürətli ureaza testinin aparılması)

b) Qeyri-invaziv testlər endoskopik müayinə aparılmadıqda yerinə yetirilir:

  • Seroloji müayinə üsulları – qanda Helicobakter pyloriyə qarşı IgG anticisimlərin aşkar edilməsi (bu müayinənin nəticəsi yalnız aktiv infeksiya zamanı deyil, keçmişdə HP-nin eradikasiyası müalicəsini almış pasiyentlərdə də müsbət ola bilər);
  • Tənəffüs-ureaza testi – pasiyentin daxilə qəbul etdiyi 13 C və ya 14 C izotoplu sidik cövhəri preparatının Helicobacter pylori tərəfindən parçalanmasından sonra nəfəslə verilən havada nişanlanmış CO2 qazının səviyyəsinin müəyyən olunması;
  • Nəcisdə Helicobacter pylori antigeninin aşkar edilməsi.

QSİƏM tipli dərmanlar

QSİƏM, yəni qeyri-steroid iltihab əleyhinə dərmanlar steroid olmayıb, iltihaba əleyhinə təsir edərək ağrıların azalmasına yardımçı olurlar. Lakin bu tip dərmanlar uzunmüddət istifadə olunarsa, həzm sistemi ilə əlaqədar şikayətlərə səbəb ola biləcək yaraların meydana gəlməsinə, ya da var olan yaraların daha da ağırlaşmasına səbəb ola bilər.

Pis vərdişlər

Siqaret, alkoqol içkilər və tez-tez qəhvə istifadəsinin hədsiz çox olması xora əmələ gəlmə riskini artırır. Bu zərərli vərdişlər orqanizmin bir çox hissəsinə zərər verdiyi kimi, mədə toxumasında da zədələnmələrə yol aça bilir. Mədə turşuluğunu azaldan dərmanlar istifadə etsəniz belə, zərərli vərdişlərdən istifadə etdiyiniz hallarda bu tip dərmanlar effektiv təsir göstərə bilmirlər. Belə desək, əgər mədə xorasının tezliklə sağalmasını istəyirsinizsə, siqaret, alkoqol və qəhvə içməyi dayandırmalısınız.

Stres

Hər hansı bir xəstəliyə görə və ya yaşanan bir pis hadisəyə bağlı olaraq stres səviyyəsi artdıqca bu vəziyyətin gətirdiyi neqativ hallar da artacaqdır. Əgər müəyyən məsələlərlə bağlı çox stres yaşayırsınızsa, orqanizm bir sıra xəstəliklərə qarşı müdafiəsiz hala gələr və xoş olmayan nəticələrlə qarşılaşmanıza səbəb olar. Belə psixiki gərginliklərdə mədə turşuluğunun artması görülür və bununla da, mədə xorasının yaranma riski artır.

Düzgün qidalanmama

Plansız və sağlıqsız qidalnma düzəniniz vardırsa, xora ilə qarşılaşma şansızın daha çoxdur. Hədsiz duzlu, ədviyyatlı yeməklərdən istifadə etmək, onları az çeynəyərək udmaq, uzunmüddət ac qalmaq və ya mədəni hədsiz doldurmaq və gigiyenaya riayət etməmək sizi risk faktorları arasına salır.

Genetik faktorlar

Hər xəstəlikdə olduğu kimi xoralar zamanı da irsiyyət əsas rol oyayır. Ailə üzvlərinizdə mədə və ya bağırsaq xorası tez-tez rast gəlinirsə, siz də risk altında ola bilərsiniz. Bu səbəbdən yuxarıda sadalanan əmələ gəlmə səbəblərinə qarşı diqqətli olmalısınız.

Xora zamanı instrumental müayinələr

  • Qastroduodenoskopiya əsas müayinə üsulu hesab olunur. Bu müayinə toxuma zədələnməsini, xoranın mövcudluğunu təsdiq edir, onun lokalizasiyasını, dərinliyini, formasını, ölçülərini dəqiqləşdirir. Bu müayinə nəticəsində xoranın dibinin və kənarlarının vəziyyətini qiymətləndirmək, selikli qişanın yanaşı dəyişikliklərini, qastroduodenal motorikanın pozulmasını aşkar etmək mümkün olur. Xora mədədə yerləşdikdə biopsiya edilir, HP-nin aşkar olunması və bədxassəli şişin istisna edilməsi üçün (xüsusilə qoca yaşlı xəstələrdə) götürülmüş materiallarda müayinələr aparılır.
  • Rentgenoloji müayinə zamanı mədə divarının xoraya nisbətən əks tərəfində “şəhadət barmağı” şəklində əzələ liflərinin spazmı, selikli qişa büküşlərinin “taxça”ya bənzəməsi, çapıqlaşmış xora deformasiyası, acqarına hipersekresiya, qastroduodenal motorikanın pozulması aşkar olunur.

Mədə xorasının və onikibarmaq bağırsaq xorasının müalicəsi

Dərman terapiyası

Əgər xoranı əmələ gətirən səbəb Helicobacter pylori olmuşdursa, antibiotik terapiya təyin olunur. Yaranın özəlliklərinə görə fərqli müalicə təyin oluna bilər. Burada turşuluğun səviyyəsi, fermentlərin fəallığı da nəzərə alınır. Dərmanla müalicədən sonra yaxşılaşma müşahidə edilirsə belə, həkimin təlimatı olmadan dərman qəbulunu dayandırmaq qətiyyən olmaz. Mədə xorasının müalicəsində səbirli olmaq və həkimin dediklərini yerinə yetirmək vacibdir.

Əməliyyat

Dərmanla müalicə effektiv olmadıqda, əməliyyatla xoranın mövcud olduğu nahiyə kəsilir və bağırsağın sağlam nahiyələrindən bir hissə götürülərək, kəsilmiş sahə ilə əvəzlənir. Həmçinin, mədə turşuluğunu azaltmaq üçün turşuluğu tənzimləyən sinirlər də kəsilir.

Mədə və onikibarmaq bağırsaq xorası haqqında Qastroenteroloq Dr. Ülvi İbrahimovun video reportajından daha ətraflı məlumat əldə edə bilərsiniz.

Müəllif: Dr. Ülvi İbrahimov

Əlaqə telefonu: (050) 466 64 32

www.qastroenteroloq.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti