Bakı. Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2020-ci ildə məişət zorakılığı ilə bağlı 242, 2021-ci ildə 364, bu ilin 11 ayı ərzində isə 435 müraciət komitəyə daxil olub.
Trend-in məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığından zərər çəkmiş həssas qrupdan olan şəxslərin müdafiəsi” mövzusunda konfransın açılışında qeyd edib.
O bildirib ki, bu rəqəmlərin müqayisəsi məişət zorakılığının artımını göstərir.
“Bu özü özlüyündə insanlara qarşı şiddətin artmasının göstəricisidir. Məişət zorakılığına məruz qalanlar üçün dəstək proqramlarının hazırlanmasına ehtiyac var. Ötən il Dövlət Komitəsi Sosial Xidmətlər Agentliyi ilə birgə sosial xidmət müəssisələrində monitorinq aparıb və bir sıra boşluqlar aşkarlanıb”,- deyə o əlavə edib.