Bakı. Trend:
Uşaqlarda revmatizm böyüklərə nisbətən daha şiddətli keçir. Əsasən, revmokardit formasında rast gəlinir, uşaqlarda ürək qüsurları daha tez-tez və daha sürətli formalaşır.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Günay İsmayılova KİV-ə müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
- Günay xanım, revmatizm və xəstəliyin əlamətləri haqqında məlumat verərdiniz.
- Revmatizm (revmatik qızdırma, Sokolski-Buyo xəstəliyi) – birləşdirici toxumaların iltihabı xəstəliyidir. Xəstəliyin klinik mənzərəsi mərhələsindən, formasından, prosesin kəskinliyindən, orqan və sistemlərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlifdir. Tədricən oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudluğu, ürək-damar (miokardit, endokardit) və başqa orqan sistemlərinin zədələnməsi ilə özünü büruzə verir.
- Revmatizmin səbəbləri nədir?
- Revmatizmin törədicisi A tipli β-hemolitik streptokokkdur.
Mikroorqanizm angina, faringit, kəskin respirator infeksiyalar,
qızıl yel, skarlatina və s. kimi xəstəliklərə səbəb olur. Adətən
revmatizmin klinikası bu xəstəliklərin kəskinləşməsindən 1-2 həftə
sonra başlayır. İnsan orqanizminin immun sistemi infeksiyaya cavab
reaksiyası olaraq xüsusi antitellər əmələ gətirir. Məlumdur ki,
streptokokkların ifraz etdiyi fermentlər ürək əzələsinə toksik
təsir göstərir. Bundan əlavə, həmin fermentlər insan orqanizminin
zülallarına bənzər bir quruluşa malikdirlər. Buna görə də əmələ
gələn antitellər təkcə mikroblara deyil, həm də öz toxumalarına
hücum etməyə başlayırlar. Beləliklə də revmatik ürək xəstəliyi,
artrit, glomerulonefrit inkişaf edir. Bu səbəblərdən revmatizm
infeksion allergik xəstəlik hesab olunur. Bir çoxumuz angina ilə
xəstə olmuşuq, lakin revmatizm insanların yalnız 1-3 faizində
inkişaf edir. Buna bəzi amillər səbəb olur:
• streptokok infeksiyasının yanlış müalicəsi;
• genetik meyl;
• vitamin və mikroelementlərin çatışmazlığı;
• autoimmun xəstəliklərin olması (lupus, sklerodermiya və s.).
- Revmatizm daha çox hansı yaşlarda müşahidə edilir?
- Xəstəliyə əsasən uşaq və yeniyetmə yaşlarında (7-15 yaş) rast gəlinir. Birincili revmatizm yaşlı və qocalarda nadir hallarda rast gəlinir. Qadınlar kişilərə nisbətən 2.5-3 dəfə çox xəstələnirlər.
- Revmatizm hansı xəstəliklərin yaranmasına səbəb olur?
- Revmatizmin bir neçə klinik forması var: poliartrit
(oynaqların zədələnməsi), revmokardit (ürəyin zədələnməsi),
annulyar eritema (dəridə halqavari səpkilər), revmatik xoreya, ağır
nevroloji simptomlar (əllərin titrəməsi, əzələ zəifliyi,
qeyri-iradi hərəkətlər), dərialtı düyünlər (oynaqlarda dəri altında
bərk düyünlər) və s.
Əksər hallarda revmatizm ilkin olaraq oynaqların zədələnməsinə
səbəb olur. Bu əsasən diz, topuq, dirsək, çiyin, az hallarda
mil-bilək oynaqlarında inkişaf edir. Zədələnmiş oynaqlarda ağrı,
şişkinlik, dəri örtüyünün qızarması müşahidə olunur. İkinci olaraq
ürəyin revmatik mənşəli zədələnməsidir. Bu zaman prosesə ürəyin hər
3 qatı cəlb oluna bilir. Bu özünü döş sümüyü arxası ağrı,
təngnəfəslik, ürək döyüntüsünün tezləşməsi, ritm pozulmaları, qapaq
çatışmazlığı əlamətləri ilə göstərir. Bundan başqa, ağciyərlərin,
böyrəklərin, mərkəzi sinir sisteminin revmatizm mənşəli
zədələnmələri də inkişaf edə bilər.
- Uşaqlarda revmatizmin gedişatının xüsusiyyətləri necədi?
- Uşaqlarda revmatizm böyüklərə nisbətən daha şiddətli keçir. Əsasən revmokardit formasında rast gəlinir, uşaqlarda ürək qüsurları daha tez-tez və daha sürətli formalaşır. Poliartrit isə uşaqlar üçün çox xarakterik deyil. Digər ekstrakardial əlamətlər (halqavari səpgilər, dərialtı düyünlər, xoreya) nisbətən çox görülür. Lakin, böyüklərlə müqayisədə daha ağır gedişata baxmayaraq uşaqlarda xəstəlik dərman müalicəsinə daha yaxşı cavab verir, ağırlaşmaların qarşısını almaq mümkün olur.
- Revmatizmin ilkin mərhələsində müalicəsi varmı?
- Müalicəyə xəstəliyin erkən vaxtında, aktiv fazasında başlanılması daha məqsədəuyğundur. Çünki bu mərhələdə birləşdirici toxumada, ürəkdə və başqa orqanlarda gedən dəyişikliklər geriyə dönən olur. Əks halda proses müalicəyə çətin tabe olaraq oynaqlarda yaranan dəyişikliklər səbəbindən hərəkət məhdudluğu, mitral və digər ürək qapaqlarının qüsurları, ürək çatışmazlığı, böyrək və sinir sistemində ağırlaşmalar kimi ciddi patalogiyalara səbəb olur.
- Xəstəliklə bağlı insanlara məsləhətiniz nə olardı?
- Revmatizm bir çox ciddi ağırlaşmalara səbəb olan bir
xəstəlikdir. Əlbəttə ki, xəstəliyin inkişafının qarşısını almaq
üçün profilaktik tədbirlər görmək daha məqsədəuyğundur.
Əsas profilaktik tədbirlərə aiddir:
• streptokok infeksiyalarının vaxtında müalicəsi;
• antibiotik terapiyasının tam kursunun aparılması (həkim məsləhəti
olmadan antibiotikoterapiyanı dayandırmamaq);
• kəskin respirator infeksiyalı, anginalı, kəskin faringitli
xəstələrlə təmasdan qaçmaq;
• immun sistemi gücləndirmək məqsədilə ümumi tədbirlər aparmaq
(balanslaşdırılmış pəhriz, fiziki fəaliyyət, təmiz havada
gəzinti).
Xəstəliyin əlamətləri varsa dərhal həkimə müraciət olunmalı və
bütün tövsiyələrə əməl edilməlidir.