Bakı. Trend:
2020-ci ildə TƏBİB-ə 2173 şikayət daxil olub ki, bu da ümumi müraciətlərin (8648) 25 faizini təşkil edir.
Trend-in məlumatına görə, bunu bu gün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələs: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, daxil olan şikayətlərin 28 faizi müayinə və müalicə prosedurları ilə bağlıdır:
"Şikayətlərin 20 faizi müəssisənin infrastrukturu, 13 faizi etik davranış qaydalarının pozulması, 13 faizi iş və əmək münasibətlərinin pozulması ilə bağlıdır".
V.Qurbanov qeyd edib ki, daxil olmuş hər bir müraciət TƏBİB-in müvafiq struktur qurumları tərəfindən araşdırılaraq müraciət edən təşkilatlara və vətəndaşlara araşdırmanın nəticələri, görülmüş tədbirlər barədə məlumatlar verilir. "Bakı şəhəri üzrə vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin əsas məzmunu içkin səhiyyə müəssisələrində tibbi xidmətin göstərilməsi zamanı fərdi olaraq bəzi həkimlərlə rastlaşdıqları problemlər, tibbi sənədləşmənin icrası ilə bağlı köməklik göstərilməsi və s. ilə əlaqəlidir".