Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin invaziv kardioloqu Şəhla Ağayeva “Həkim məsləhəti” rubrikasında “Yuxu apne sindromu nədir?” mövzusunda ətraflı məlumat verib.
Yuxuda tənəffüsün ən azı 10 saniyə müddətində kəsilməsi və bunun 1 saat ərzində ən azı 5 dəfə təkrarlanması yuxu apnesinin olduğunu göstərir. İlk dəfə 1965-ci ildə aşkarlanmış bu xəstəliyin adı yunan dilində “nəfəs arzusu” mənasını verir. Yuxu apnesi yuxu zamanı xoruldamaya və tənəffüs dayanmasına səbəb olur.
Tənəffüs dayanması zamanı orqanizmdə oksigen çatışmazlığının yaranması ilk növbədə ürəyə və beyinə çox mənfi təsir edir. Yuxu apnesi kişilər, yaşlılar, alkoqol qəbul edən və siqaret çəkən insanlarda daha çox rast gəlinir. Bu xəstələrin əsas şikayəti qəfildən boğulma ilə oyanma, nəfəs çatışmazlığı, gün ərzində yuxusuzluq, halsızlıq, baş ağrıları, diqqət və yaddaş zəifliyidir.
Yuxu apne sindromu ciddi sağlamlıq probleminə gətirib çıxara bilər. Belə ki, bu xəstəlik yüksək qan təzyiqinin əsas səbəblərindəndir. Qan təzyiqi səhərə doğru olduqca yüksəlir. Tipik olaraq xəstələrin çoxu bir və ya bir neçə antihipertenziv dərmanlar fonunda yüksək qan təzyiqinin olduğunu, qan təzyiq dəyərlərinin tam olaraq nəzarət altına ala bilmədiklərini bildirirlər.
Bundan əlavə ürək damar xəstəlikləri,trombembolik ağırlaşmalar,ürək ritm pozğunluqları,ürək çatışmazlığı və ən qorxulusu yuxuda ani ürək dayanmasına səbəb ola bilər. Miokard infarktı və koronar arteriya xəstəliyi: Yuxu apnesi ilə koronar arteriya xəstəliyi, miokard infarktı arasında sıx əlaqə olduğu araşdırılıb. Miokard infarktı xəstələrinin 35-65%- də yuxu apne sindromu olduğu müəyyən edilmişdir.
Aritmiya: Yuxu apnesi olan xəstələrdə sıxlıqla ritm pozğunluğu görülür. Bu ritm pozğunluqları bəzən həyatı təhdidedici şəkildə ola bilər.
Ürək çatışmazlığı: Yuxu apnesi ürək çatışmazlığı xəstələrində müalicəni çətinləşdirir və ürək çatışmazlığının irəliləməsinə səbəb olur.
Ani ölüm: Tənəffüs dayanmasının uzaması və həyatı təhdid edən aritmiyaların meydana gəlməsi səbəbilə yuxu apne sindromu olan xəstələrdə ani ölüm riski yüksəkdir.
Bütün bunları nəzərə alaraq yuxu apnesi olan xəstələr mütləq şəkildə diaqnostika olunaraq müalicə olunmalıdır. Bu xəstəliklə mübarizə aparmaq üçün ilk növbədə sağlam həyat tərzinə keçilməli, artıq çəkidən azad olunmalı, zərərli vədişlərdən uzaq durulmalı, gün ərzində yuxuya olan tələbat tam ödənməlidir.