Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov əlamətdar günün əhəmiyyətindən söz açıb. Q. Novruzov bu günün təsis edilməsinin tarixindən, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs edərək məhz 44 günlük Vətən müharibəsində də Zəfər qazanmış xalq olaraq həmrəylimizi dünyaya bir daha layiqincə bəyan etdiyimizi qeyd edib.
Akademiya rəisi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun təbriklərini Akademiyanın kollektivinə, professor-müəllim heyətinə və tələbələrinə çatdıraraq, onlara möhkəm can sağlığı, xoş günlər və Akademiyanın tərəqqisi naminə fəaliyyətlərində yeni-yeni uğurlar arzu edib.
Daha sonra Həmrəylik Gününün tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbir Akademiya tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib.