...

Ombudsman ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Cəmiyyət Materials 22 Fevral 2023 14:21 (UTC +04:00)
Ombudsman ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibi Vüsalə Bayramova ilə görüş keçirib.

Görüşdə Səbinə Əliyeva qalibə ilk növbədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, Müvəkkilin Aparatı və regional mərkəzləri, Müvəkkilin insan hüquqlarının müdafiəsi, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, informasiya əldə etmək hüququnun müdafiəsi, o cümlədən işgəncələrin qarşısının alınması sahəsindəki fəaliyyəti barədə məlumat verib. Daha sonra vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması qaydası, hüquqların təmini ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Ombudsman V. Bayramovanın fərdi inkişaf planına uyğun olaraq 1 il ərzində Aparatın müxtəlif şöbə və sektorlarında təcrübəyə cəlb ediləcəyini, insan hüquqları sahəsində zəruri bilik və bacarıqlar əldə etməsi üçün şərait yaradılacağını bildirib.

Ombudsman müharibə və postmüharibə dövründə Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu insanlıq əleyhinə, habelə müharibə cinayətləri nəticəsində pozulmuş insan hüquqları barədə faktları özündə əks etdirən hesabat, müraciət və bəyanatlar hazırlayaraq, müvafiq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına ünvanladığını da vurğulayıb.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi isə öz növbəsində Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi qəbula görə Səbinə Əliyevaya təşəkkür edərək, onun şəxsi təcrübəsindən faydalanmaq istədiyini bildirib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti