Bakı. Trend:
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyasında təhsil alan 9-11-ci sinif şagirdləri və onların valideynləri ilə görüşü keçirilib.
22 fevral 2023-cü il tarixində keçirilən görüşdə Xəzər RİH başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının müdir müavini Lalə Rəsulova, S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyasının müəllim, şagird və valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qonaqları salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə olan diqqət və qayğısını vurğulayaraq, rayonda təhsil sahəsində görülən işlər barədə geniş məlumat verib. Görülən işlərin təzahürü kimi bu gün tədbirin keçirildiyi 2008-ci ildən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya kimi fəaliyyət göstərən təhsil müəssisəsinin 2019-2021-ci illərdə Heydər Əliyev Fondu tərəfindən aparılan təmir və yenidənqurma işlərindən sonra 1000 yerlik yeni inzibati, yataqxana və yeməkxana binalarının şagirdlərin istifadəsinə verildiyini və açılışında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyini qonaqların diqqətinə çatdırıb.
Çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev ölkədə təhsil sahəsində aparılan islahatlardan, bu sahədə qəbul olunan qanun və dövlət proqramlarından, onların milli təhsilin inkişafında əhəmiyyətindən və gələcək planlardan danışaraq tədbir iştirakşılarına geniş məlumat verib.
Tədbirdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev çıxış edərək şagird və valideynlərə təhsil tələbə kreditləri, güzəştlər və qeydiyyat prosesi barəsində geniş məlumat verib, abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək istədikləri ixtisası seçə biləcəklərini və bu ixtisas üzrə təhsil alaraq gələcəyin mütəxəsisləri ola biləcəklərini bildirib.
Sonra Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Lalə Rəsulova abituriyentlərin ixtisas seçimi zamanı diqqət yetirilməli vacib məqamlara toxunaraq, düzgün ixtisas seçiminin edilməsi barədə ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təkliflər dinlənilib.
Qeyd edək ki, S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyasında təşkil olunan tədbir 2 gün davam edəcək. Abituriyent və valideynlərinin məlumatlandırılması, eyni zamanda fondun imkanlarından yararlanmaları məqsədi ilə Xəzər rayonunun digər qəsəbələrində də tədbirlərin keçirilməsi nəzərdə tutulur.