Bakı. Trend:
Müəllimlərin işə qəbul imtahanında (MİQ) hər hansı fənnin suallarının çətin və ya asan olması ilə bağlı fikirlər mövcuddur.
Trend-in məlumatına görə, bu barədə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
O qeyd edib ki, imtahanda çətin sualların olması normaldır.
"Dərsliklərdəki yeniliklər imtahana sual olaraq salına bilər. İmtahan verən hər kəsdən soruşsaq o, öz suallarının çətin olduğunu deyəcək. Bu bir müsabiqədir və çətin sualların olması normaldır", - deyə o əlavə edib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.