...

Praqada Xocalı faciəsinə həsr olunan anım mərasimi keçirilib

Cəmiyyət Materials 25 Fevral 2023 07:47 (UTC +04:00)
Praqada Xocalı faciəsinə həsr olunan anım mərasimi keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Lidiçe və Xocalı – qətliam qurbanları” adlı tədbir keçirilib.

Trend xəbər verir ki, Praqanın mərkəzində yerləşən Prezident oteldə keçirilən tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri, ictimaiyyət nümayəndələri, habelə Azərbaycan diaspor nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbiri açan səfir Adış Məmmədov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərini işğal etdiyini və çoxlu sayda mülki şəxsi, əsasən uşaq və qadınları qətlə yetirdiyini bildirib. O, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açaraq, soydaşlarımızın xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildiyini bildirib və bütün bu hadisələrin XX əsrdə beynəlxalq hüququn və beynəlxalq institutların təsbit olunduğu bir vaxtda baş verməsinin təəssüf doğurduğunu qeyd edib. A.Məmmədov tarixdə baş vermiş bir sıra qətliamları, o cümlədən 1942-ci ildə Çexiyanın Lidiçe şəhərində faşist Almaniyası tərəfindən qətliam törədənlərin beynəlxalq məhkəmələr qarşısına çıxarılaraq layiqli cəzalarını almalarına baxmayaraq, Xocalı qətliamı ilə bağlı hələ də beynəlxalq hüquqi qiymətin verilmədiyini diqqətə çatdırıb.

A.Məmmədov bütün bunlara baxmayaraq, dünyanın bir sıra ölkələrinin parlamenti tərəfindən Xocalı qətliamına siyasi qiymət verildiyini, bu xüsusda Çex Respublikasının Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən də 2013-ci ildə Xocalı qətliamını pisləyən müvafiq qətnamənin qəbul edildiyini bildirib və buna görə Çexiya Parlamentinə təşəkkürünü ifadə edib.

Çıxış edən Türkiyə səfirinin müavini Banu Malaman Xocalı soyqırımının yalnız azərbaycanlıların faciəsi olmadığını, bu faciənin Türk dünyasının qəlbində də böyük yara açdığını deyib. Xocalı qətliamının dəhşətlərini dilə gətirən B.Malaman, Azərbaycanın kədərinin həm də Türkiyənin kədəri olduğunu bildirib. O, Türkiyənin bu çətin günlərində Azərbaycanın göstərdiyi həmrəyliyə görə təşəkkürünü çatdırıb.

Tədbir Vyanadan dəvət olunmuş beynəlxalq musiqi müsabiqələrinin qalibi Jalə Rəsulova (piano) və Aleksandra Tirsunun (skripka) ifasında konsert proqramı ilə davam edib. Həmçinin Xocalı soyqırımını əks etdirən qısa sənədli film nümayiş etdirilib, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Leyla Begim və Yefim Abramovun Xocalı qətliamına həsr olunmuş “Qara qar çiçəkləri” adlı pyesi çex aktyorlar tərəfindən səhnələşdirilib. Tədbir çərçivəsində səfirlik tərəfindən çex və ingilis dillərində nəşr olunmuş Xocalı qətliamına dair bukletlər iştirakçılara paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti