Bakı. Trend:
Fevralın 28-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə "O bizimlədir" adlı görüş keçirilib.
Görüşü açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e. professor Mahirə Hüseynova Dilarə Seyidzadənin zəngin həyat və fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, məhşur Seyidzadələr ailəsinin nümayəndəsi olan Dilarə xanımın atası Bağır Seyidzadə tanınmış diplomat, jurnalist və peşəkar tərcüməçi olub. Professor Dilarə Seyidzadənin milli tarixşünaslığımızda xüsusi yeri var. Cümhuriyyətə gedən yolu ilk dəfə tədqiq edən, Cümhuriyyət quran böyük şəxsiyyətlər haqqında ilk məlumatları elmi dövriyyəyə gətirən məhz professor Dilarə Seyidzadədir. Onun “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” əsəri milli tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyətinə aparan yolu işıqlandıran ilk tədqiqat işidir.
Eyni zamanda, 1-ci dərəcəli dövlət müşaviri, "Şərəf" və "Şöhrət" ordenli professor Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin köməkçisi - Prezidentin Katibliyinin rəisi kimi uzun illər fəaliyyət göstərib.
Professor Dilarə Seyidzadə göstərilən diqqətə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib. O, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, Ulu Öndərin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.
Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətcil, hər bir incəliyə önəm verən bir şəxsiyyət olduğunu bildirib: “Mənə bir dəfə tapşırdı ki, mütləq xəritə olmalıdır. Biz o xəritəni yaratdıq. Müəllim kimi hər bir xarici səfərdə bütün siyasi xadimlərə xəritə üzərində Azərbaycan həqiqətlərini izah edirdi. Bir dəfə yox, bütün prezidentlərlə görüşdə, hər dəfə. O eyni zamanda mədəniyyətə böyük dəyər verirdi, insanların qayğıları ilə yaxından maraqlanırdı. Hamıya mənəvi güc verirdi... Özbəkistanda səfərdə olarkən İslam Kərimov Heydər Əliyevdən soruşdu ki, siz necə olur ki, hər şeyi bilirsiniz? Ulu Öndər bir az utanaraq, yəqin ki, anamın sayəsində - dedi. Valideynlərinə, anasına böyük ehtiram bəsləyir, yetişməsində ailəsinin müstəsna rolunu həmişə xüsusi qeyd edirdi.”
Müəllim və tələbələrin çoxsaylı suallarını cavablandıran prof. D.Seyidzadə gənclərin Heydər Əliyevdən öyrənməli olduqları ən böyük dəyərlərin vətəni hədsiz sevmək, məsuliyyətlilik və həyat yolunu doğru müəyyənləşdirmək olduğunu bildirdi: “O həyat yolunu necə seçmişdi? Onu təbiət yetişdirmişdi. Qurub-yaratmaq üçün memarlıq oxumuşdu, Vətən təhlükədə olanda təhlükəsizlik orqanlarında işə başladı, vətəninin tarixini dərindən mənimsəmək üçün tarix oxumuşdu, prezident kimi xalqının mövqeyini dünyaya çatıdırır, hər bir imkandan maksimum istifadə edib Qarabağ məsələsinin həllinə çalışırdı.”
Qərarların düzgünlüyünün insanların və dövlətin həyatında dönüş nöqtələrini olduğunu vurğulayan Dilarə xanım bu baxımdan Heydər Əliyev fenomeninin, onun həyatının gənclər, müəllimlər üçün böyük pedaqoji mənbə kimi roluna diqqət çəkib: “ 11 sentyabr hadisələrindən sonra beynəlxalq koalisiya yarananda Azərbaycanın da burada təmsil olunması zəruri idi. Lakin Ümummili Liderin koalisiyada iştirak qərarının incəliyinə baxın; Biz koalisiyaya qoşulacağıq, amma bizim əsgərlər islam müqəddəs müsəlman məkanlarını qoruyacaq.”
Görüş diskussiya formatında davam edib. Çıxış edənlərdən dos. Naibə Əhmədova, dos. Nazilə Abdullazadə, 91-lərin nümayəndəsi Allahverdi Hacıyev və başqaları təəssüratlarını bölüşüb.
Rektor professor Cəfər Cəfərov yekunda dahi şəxsiyyət Heydər Əliyevi onun ən yaxın silahdaşlarının dilindən tanımağın müstəsna əhəmiyyətindən söz açaraq, qonağa təşəkkür edib, onu tarix müəllimliyi ixtisasında təhsil alan tələbələrlə ustad dərsinə dəvət edib.