Bakı. Trend:
Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, Şuranın hakim üzvlərinin sayının artırılması təklif edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Bildirilib ki, müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davam etdirilməsini nəzərdə tutur.
Belə ki, layihə məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi üçün hazırlanıb. Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.
Qanuna yeni əlavə olunması təklif olunan maddədə hakimlərin konfransının funksiyası, orada məhkəmə instansiyaları hakimlərinin təmsil olunması və qərarların qəbul edilməsi qaydaları əks olunur. Eyni zamanda, Hakimlərin Seçki Komitəsində bütün hakimiyyət qollarının nümayəndələrinin təmsil olunması məqsədilə, Hakimlərin Seçki Komitəsinin üzvlərinin sırasına Azərbaycan Respublikası Milli Məclisi Aparatının nümayəndəsi əlavə edilir.
Müzakirələrdən sonra qanuna dəyişkilik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.