...

Yeni qərarla dərman vasitələrinə əlçatanlıq təmin ediləcək - Rəşad Mahmudov (VİDEO)

Cəmiyyət Materials 16 Sentyabr 2023 10:41 (UTC +04:00)
Yeni qərarla dərman vasitələrinə əlçatanlıq təmin ediləcək - Rəşad Mahmudov (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəllər dərmanların sabit bir qiyməti var idi. Yeni qərarla üst sərhəd müəyyənləşdirildi. Bu, ölkədə rəqabətlilik çərçivəsində qiymətlərin optimallaşdırılmasına kömək edəcək. Yəni üst sərhədi bəlli olan qiymətə alternativ olaraq digər təşkilatların daha uyğun qiymətə ölkəmizə dərman vasitələrinin gətirilməsinə şərait yaradılacaq.

Bunu Trend-ə açıqlamasında millət vəkili Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli fərmanı ilə “Dərman vasitələri haqqında” qanunda və bu qanunun tətbiqi barədə fərmanda dəyişiklik edilib.

"Bununla da dərman vasitələrinin ölkədə cəmiyyətə əlçatanlığının, keyfiyyətinin yüksəldilməsi, nəzarətin gücləndirilməsi və ən əsası, qiymətlərin optimallaşdırılması yönündə hökumətin qarşısına qoyduğu hədəflərə çatmaq üçün bir imkan yaranacaq. Yeni qanuna görə, Tarif Şurasının qərarı yaxın gələcəkdə dərman vasitələrinə əlçatanlığın təmin edilməsi və qiymətlərin optimallaşdırılmasına kömək edəcək.

Ölkədə qeydiyyat prosedurunun əvvəlki illərə görə ciddi şəkildə reformu nəzərdə tutulur. Yəni daha əvvəl dərman vasitəsinə görə müraciət etmiş şirkətin nəticə alması üçün səkkiz aydan bir il altı aya qədər keçən zaman, "süründürməçilik" nəzərə alınaraq, qanunda dəyişiklik edilib. Bununla üç-dörd ay ərzində qeydiyyatın mümkünlüyü daha çevik mexanizmlərin tətbiqi üçün imkan yaradır”, - deyə deputat əlavə edib.

R.Mahmudov qeyd edib ki, dərman şirkətləri bugünkü dünyada baş verən iqtisadi təlatüm fonunda bu gün vermiş olduqları təklifləri il yarım sonra verməyə çətinlik çəkirlər və ya xaricdən aldıqları təkliflərin bəlli müddət keçdikdən sonra keçərliliyi olmur.

"Bu dəyişikliklərin hər biri geniş imkanlar yaradacaq. Bununla yanaşı, Avropa ölkələrində, xüsusilə Türkiyədə qeydiyyatdan keçmiş dərman vasitələrinin daha rahat şəkildə ölkəmizə girişinin təmin edilməsi kimi müddəaları özündə ehtiva edir. Dövlətimiz yerli istehsalın gücləndirilməsi, yaxın gələcəkdə xarici dərman şirkətlərindən asılılığın azaldılması yönündə addımlar atır. Bu sahəyə investisiyalar gündən-günə artmaqdadır”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edilib.

Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti