Bakı. Trend:
Görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Heydər Əliyev Sarayında möhtəşəm təqdimatına son 1 gün qaldı.
18 sentyabr - Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi dünyanı fəth edən “Məhəbbət əfsanəsi” baleti ilə olacaq.
Heydər Əliyev Sarayının səhnəsində oynanılacaq baletə uzun
müddətdir hazırlıq gedir və artıq bir aydan çoxdur Bakıda tamaşaya
məşqlər keçirilirdi.
Uzun illərdən sonra bəstəkarın öz vətənində səhnələşdirilən
“Məhəbbət əfsanəsi”ndə Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə
yanaşı xarici teatrlardan dəvət olunan solistlər də rol alıb.
Sentyabrın 18-də səhnədə şahzadə Mehmene Banunu Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet
artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident
mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur “Bolşoy”
Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin
laureatı Denis Rodkin, Şirini isə “Bolşoy” Teatrının aparıcı
solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı
Mariya Vinoqradova ifa edəcəklər.
Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən rəssam Simon
Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum,
həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.
Bu təqdimat möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə
tamaşaçıları heyran edəcək.
Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi
Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya
bəstələyib. Baletin premyerası 1961-ci il martın 23-də Leninqrad
Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik
Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri
Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi
olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.
Sentyabrın 18-də və 19-dakı təqdimatın baletmeyster-rejissorları
Yuri Qriqoroviçin köməkçisi, Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının baş baletmeysteri Ruslan Pronin və Qriqoroviçin
digər köməkçisi Oksana Tsvetnitskayadır.
Arif Məlikovun əsrarəngiz musiqisini Azərbaycanın Xalq artisti
Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək.