...

Bakıda pestisidlərdən istifadənin idarə edilməsinə dair tədbir başa çatıb

Cəmiyyət Materials 21 Sentyabr 2023 04:11 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda keçirilən üçgünlük regional seminara yekun vurulub. Tədbir Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, seminarın son günündə “Azərbaycanda istifadəyə yararsız pestisidlərin idarə edilməsinin (istifadəsinin qarşısının alınması və məhv edilməsi) təkmilləşdirilməsi” mövzusunda Milli Seminar təşkil olunub.

Seminarda Azərbaycanda pestisidlərin həyat dövriyyəsində iştirak edən dövlət qurumlarından səlahiyyətli şəxslər və FAO-nun bu sahə üzrə ixtisaslaşmış beynəlxalq ekspertləri iştirak ediblər. Həmin çərçivədə keçirilən sessiyalarda “Azərbaycanda pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadənin cari vəziyyəti”, “Köhnəlmiş pestisidlər: risklər və təsirlər və onların idarə edilməsində ən yaxşı beynəlxalq təcrübələr”, “İstifadəyə yararsız pestisidlərin və kənd təsərrüfatı tullantılarının idarə olunması üzrə Milli Strategiyanın hazırlanması” mövzularında İşçi qrupların müzakirələri aparılıb. Seminarın yekununda pestisidlərdən istifadənin idarə edilməsinə dair atılacaq növbəti addımlar nəzərdən keçirilib, təkliflər səsləndirilib.

Qeyd edək ki, seminarın davamı olaraq, sentyabrın 21-də və 22-də Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən olan mütəxəssislərlə agentliyin inzibati binasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə Azərbaycanda bitki mühafizə vasitələrinin qeydiyyatı və dövriyyəsinə nəzarət mexanizmi ilə Türkiyə təcrübəsi əsasında yaxından tanış olmaq və prosesin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi planlaşdırılır.

Xatırladaq ki, sentyabrın 18-dən 20-dək “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi layihəsi” çərçivəsində keçirilən seminarda layihəyə üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən mütəxəssislər və FAO-nun əməkdaşları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti