Bakı. Trend:
Azərbaycanda region aeroportlarının icarəyə verilməsi təklif edilir.
Trend xəbər verir ki, bu təkliflə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi çıxış edib.
O qeyd edib ki, dünyada hava limanlarının çoxu icarəyə verilir.
“Bizim regionlarda yüksək standartlarla aeroportlar tikilib. Problem budur ki, aeroportlarda gündə 1-2 reys olsa, toy-bayramdır. Bu aeroportlar tenderə buraxılmalıdır. Bununla yüzlərlə iş yeri açılacaq. Sualım budur ki, bu günə qədər aeroportların işinə görə yenə büdcədən vəsait ayrılır? Əgər ayrılırsa, problemdir. Dünyada 55% aeroport icarədədir. Türkiyədə, Gürcüstan bir çox aeroportlar icarədədir”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, komitənin bu gün keçirilən iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.