Bakı. Trend:
Bu gün Azərbaycanda mövcud olan problemlərdən biri də gənclərin peşə təhsilinə marağının az olmasıdır. Bu, ilk növbədə onunla əlaqədardır ki, ictimai fikirdə orta məktəbi bitirdikdən sonra hökmən ali məktəbə qəbul olmaq stereotipi formalaşıb. Xüsusilə, valideynlər övladlarının bilik və bacarıqlarından, potensialından asılı olmayaraq, mütləq universitetə daxil olmasına təkid edirlər ki, bu da övladlarını düzgün ixtisas seçimindən yayındırır, onların müstəqil qərar qəbul etmələrinə imkan vermir. Hətta ali təhsil müəssisəsini və ixtisası da əksər hallarda valideynlər seçirlər. Nəticədə gənclər bitirdikləri ixtisas üzrə işləməyə maraq göstərmirlər. Onların bir qismi ya əlavə təhsil alırlar, ya da digər sahələrdə çalışırlar.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev peşə təhsilinə qəbulun artırılmasını vacib hesab edir.
B.Əliyev qeyd edib ki, ali təhsil alanlar orta ixtisas və peşə təhsili alanlardan 2,5 dəfə çoxdur.
“Davamlı inkişafın təmin edilməsi üçün kadr hazırlığındakı bu disproporsiyanı məqbul hesab etmək olmaz. Həm də bu o anlama gələ bilər ki, müxtəlif sahələrdə çalışan işçilərin böyük bir qisminin peşə təhsili, yəni çalışdığı sahə üzrə zəruri bilik, bacarıq və səriştələri yoxdur. Bu isə istehsal və xidmətdə keyfiyyət və kəmiyyət göstəricilərinə ciddi şəkildə mənfi təsir deməkdir.
Ola bilsin ki, qeyri-formal təhsil burada nəzərə alınmır. Amma bu məsələ həllini tapmalı və qeyri-formal təhsilin nəticələri də müvafiq qaydada tanınmalıdır. Gənclərin orta təhsili və ya tam orta təhsili başa vurduqdan sonra əmək fəaliyyətinə başlaması üçün peşə təhsilinə qəbul bir neçə dəfə artırılmalıdır və ya ən azı ali təhsil müəssisələrində təhsil alanların sayına çatdırılmalıdır. Bu sahədə həyata keçirilən bütün tədbirlər Davamlı İnkişaf üçün Təhsil konsepsiyasına uyğun olaraq qısa müddətdə ömürboyu təhsili təmin etməlidir”, - deyə o, qeyd edib.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrində təhsilalanların sayı 212173 nəfər, orta ixtisas və peşə təhsili müəssisələrində təhsilalanların sayı cəmi 85809 nəfər olub.