...

Universitetlərdə qızılca yoluxma halları ilə bağlı vəziyyət necədir? - SORĞU

Cəmiyyət Materials 27 Noyabr 2023 14:30 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər Azərbaycanda qızılcaya yoluxma halları artıb. Virusun özünü ən çox biruzə verdiyi yerlər təhsil ocaqlarıdır. Belə ki, ötən ay Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyəti müvəqqəti dayandırıldı. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında qızılcaya yoluxma halı aşkarlanıb. Bundan əlavə, Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad Filialının üç tələbəsində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) isə bir tələbəsində qızılca aşkar edilib.

Bəs, digər universitetlərdə qızılca virusuna yoluxma halları ilə bağlı vəziyyət necədir? Virusa qarşı hər hansı qabaqlayıcı tədbirlər görülür?

Trend bu gün sözügedən məsələ ilə bağlı Azərbaycan universitetlərinə sorğu ünvanlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, (ADPU) hal - hazırda universitetdə yoluxma faktı ilə bağlı heç bir məlumat yoxdur.

"Universitetdə daimi tibbi müəssisə fəaliyyət göstərir və lazımi tədbirlər görülür. Hər hansı xəstəliklə bağlı əsas şübhələr və ya simptomlar olduqda dərhal onlar tərəfindən vacib prosedurlar yerinə yetirilir", - deyə o, əlavə edib.

Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova bildirib ki, hələlik UNEC-də qızılcaya yoluxma halı qeydə alınmayıb.

" UNEC-in əsas tədris binasında tələbə poliklinikası var, digər binalarda isə tibbi xidmət bölmələri fəaliyyət göstərir. Həkimlərimiz mövcud vəziyyəti nəzarətdə saxlayırlar, əgər yoluxma halı baş verərsə, yayılmanın qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək", - deyə o, əlavə edilib.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, virusa yoluxma ilə bağlı universitetdə tələbə tərəfindən hər hansı şikayət və ya problem qeydə alınmayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, universitetdə tələbələr arasında qızılcaya yoluxma halı müşahidə olunmur.

"Yalnız bir tələbəmiz universitetdən kənarda, ailəsinin yaşadığı Cəlilabad rayonunda qızılcaya yoluxub. Həmin tələbə elə Cəlilabadda karantinə alınıb, müalicə-profilaktik tədbirlər görülüb və sağalıb", - deyə vurğulanıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, universitetdə ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.

"Həmin tələbələr izolyasiya olunublar. Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib",- deyə o, vurğulayıb.

Bakı dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva bildirib ki, BDU-da qızılca ilə bağlı bir problem yoxdur.

"Poliklinikada təkcə qızılcaya dair yox, bütün yoluxucu xəstəliklərlə bağlı mütəmadi işlər aparılır", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti