Ağdərə. Trend:
İşğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub.
Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov aparılan minatəmizləmə əməliyyatı barədə Trend-ə məlumat verib.
Bildirib ki, hazırda həm minaaxtaran itlərin vasitəsilə, həm əllə axtarışla istehkam bölməsinin mina sahəsində ərazinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işi aparılır: "İşğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən 6800 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib".
"Bundan başqa, 1730 metrədək yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib. Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatları mərhələli şəkildə Ağdərə rayonunun "Gödəkburun” təlim sahəsi ərazisində partlatma və yandırma üsulları ilə məhv edilir", - deyə o bildirib.
Qeyd edək ki, işğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediaturun məqsədi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır.