Bakı. Trend:
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin
əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq
qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması
hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata
keçirir.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, yanvarın
24-də Hacıqabul rayonu ərazisində keçirilən belə tədbir zamanı
Padar qəsəbəsində yaşayan Asif Emnalıyevin adı Azərbaycan
Respublikasının “Qırmızı kitabı”na düşmüş 10 ədəd “Bəzgək” quşunu
qanunsuz olaraq tutub həyətində saxlaması və satışı ilə məşğul
olması müəyyən edilib.
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə vətəndaş A.Emnalıyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.