...

Bakıda bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadənin qarşısı alınıb

Cəmiyyət Materials 31 Yanvar 2024 15:29 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu Svetlana Məmmədova küçəsində fəaliyyət göstərən kafedə içməli sudan qeyri-qanuni istifadə halı aşkarlanıb.

Trend bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verir.

Obyekt sahibi şəbəkəyə qoşularaq içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib. Həmin küçədə yerləşən dönər satışı obyektində də içməli sudan qanunsuz istifadə aşkar olunub. Sahibkar texniki şərt almadan və müqavilə bağlamadan özbaşına çəkilmiş xətt vasitəsilə obyekti içməli su ilə təmin edib. Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən kafe, ət kəsimi və meyvə-tərəvəz satışı obyektlərində qeyri-qanuni çəkilmiş su xəttindən istifadənin qarşısı alınıb. Binəqədi qəsəbəsi DSK yolu 1-ci mədən ərazisində fəaliyyət göstərən qum bazarında suyun talanması aşkar edilib. Həmin əraziyə yaxınlıqdan keçən su kəmərindən xətt çəkilərək sudan qanunsuz istifadə olunub. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15533, Binəqədi rayonunda isə 3071 fakt aşkarlanaraq qarşısı alınıb. 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti