Bakı. Trend:
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə bəyanat yayıb.
Trend xəbər verir ki, bəyanatda deyilir:
"Bu gün bir sıra sosial media platformalarında 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video yayılıb.
Bildiririk ki, qeyd olunan video manipulyasiya məqsədilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır. Araşdırmalar zamanı bu videonun 2019-cu il sentyabrın 8-də başqa bir ölkədə çəkildiyi müəyyən edilmişdir.
Son illər bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən saxta xəbərlərə qarşı respublikamızda da müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılır.
Azərbaycan vətəndaşlarını, o cümlədən, media nümayəndələrini və ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa çağırırıq.
Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir".