...

Beynəlxalq tədbirlər zamanı radiotezliklərin məhdudlaşdırılmasına görə kompensasiyanın ödənilməsi qaydası müəyyənləşib

Cəmiyyət Materials 29 Fevral 2024 11:50 (UTC +04:00)
Beynəlxalq tədbirlər zamanı radiotezliklərin məhdudlaşdırılmasına görə kompensasiyanın ödənilməsi qaydası müəyyənləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman, yarışlarının keçirildiyi müddətdə radiotezlik zolaqlarından istifadə hüququnun məhdudlaşdırıldığı zaman radiotezlik istifadəçilərinə kompensasiyanın ödənilməsi qaydası təsdiqlənib.

Trend xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, bu Qayda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-1-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatına əsasən Dövlət Radiotezliklər İdarəsi qismində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırılır.

Nazirliyin qərarı ilə radiotezlik zolaqlarından istifadə hüququ məhdudlaşdırılmış istifadəçiyə tədbirin təşkilatçısının vəsaiti hesabına kompensasiya ödənilir.

İstifadəçi hüququnun məhdudlaşdırılması haqqında təqdimat

DTX tərəfindən dövlət təhlükəsizliyi məqsədləri üçün radiotezlik zolaqlarından istifadə hüququnun məhdudlaşdırılması haqqında təqdimatda aşağıdakılar qeyd edilir:

tədbirin adı, müddəti və ərazisi barədə məlumat;

məhdudiyyət tətbiq olunacaq radiotezlik diapazonu, radiotezlik zolaqlarının sayı və radiotezlik istifadəçisi barədə məlumat.

Təqdimat təxirəsalınmaz hallar istisna olmaqla tədbirin keçirilməsinə 15 (on beş) gün qalmış Nazirliyə təqdim edilməlidir.

Təqdimata baxılması

Təqdimat daxil olduğu gün Nazirlikdə qeydiyyata alınır.

Təqdimata 3 (üç) iş günü müddətində baxılır və əsaslandırılmış qərar qəbul edilir.

Təqdimatda göstərilmiş radiotezlik zolağı digər xüsusi təyinatlı dövlət orqanları tərəfindən istifadə edildikdə və ya radiotezlik zolağı mobil rabitə operatorlarına məxsus mobil (sellülar) rabitə şəbəkəsində istifadə edildikdə təqdimatın təmin edilməməsi barədə qərar, digər hallarda müvəqqəti məhdudiyyətin tətbiq edilməsi barədə qərar qəbul edilir.

Məhdudiyyətin tətbiq edilməsi barədə qərarda aşağıdakı məlumatlar göstərilir:

qərarın qəbul edildiyi tarix;

radiotezlik istifadəçisi barədə məlumat;

tədbirin təşkilatçısı barədə məlumat;

məhdudiyyət tətbiq olunacaq müddət və ərazi barədə məlumat;

məhdudiyyət tətbiq olunacaq radiotezlik diapazonu və radiotezlik zolaqlarının sayı barədə məlumat;

radiotezlik istifadəçisinin kompensasiya almaq hüququ barədə qeyd, bu hüquqdan istifadənin təmin olunması məqsədilə müraciət edilməsinin müddəti və qaydası haqqında məlumat.

Məhdudiyyətin tətbiq edilməsi barədə qərar qəbul olunduqdan sonra 2 (iki) iş günü müddətində qərarın bir nüsxəsi DTX-yə, bir nüsxəsi tədbirin təşkilatçısına, bir nüsxəsi isə məhdudiyyət tətbiq olunacaq radiotezlik istifadəçisinə təqdim olunur.

Təqdimatın təmin edilməməsi barədə əsaslandırılmış qərar 2 (iki) iş günü müddətində DTX-yə təqdim olunur.

Kompensasiya üçün müraciət edilməsi qaydası

Radiotezlik istifadəçisi məhdudiyyət tətbiq edilmiş müddət üçün kompensasiya almaq hüququna malikdir.

Barəsində müvəqqəti məhdudiyyətin tətbiq edilməsi barədə qərarı almış radiotezlik istifadəçisi bu Qaydanın 5-ci hissəsinin tələbləri nəzərə alınmaqla 15 (on beş) gün müddətində kompensasiya almaq üçün ərizə ilə Nazirliyə müraciət edir.

Ərizədə aşağıdakı məlumatlar göstərilir:

radiotezlik istifadəçisi barədə məlumat;

məhdudiyyətin tətbiq edilməsi barədə qərarın nömrəsi və tarixi;

Nazirlik tərəfindən müəyyən edilmiş “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”na əsasən DRİ tərəfindən istifadəçiyə təqdim olunan hesab və həmin hesab üzrə istifadəçi tərəfindən ödənişin icra edilməsi barədə sənədlərin nömrəsi və tarixi.

Kompensasiyanın ödənilməsi qaydası

Nazirlik kompensasiyanın ödənilməsi üzrə müraciətdəki məlumatlar əsasında radiotezlik zolaqlarından istifadə hüququ məhdudlaşdırılmış istifadəçiyə tədbir təşkilatçısının vəsaiti hesabına “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”na əsasən məhdudiyyət tətbiq edilmiş müddətə müvafiq olaraq kompensasiya ödənilməsi barədə qərar qəbul edir.

Qərarda aşağıdakılar qeyd edilir:

qərarın qəbul edildiyi tarix;

kompensasiyanın məbləği;

təşkilatçı və tezlik istifadəçisi barədə məlumatlar;

kompensasiyanın ödənilməsinin müddəti.

Bu Qaydanın 5.1-ci bəndinə nəzərdə tutulmuş qərarın qəbul edildiyi tarixdən 30 (otuz) gün müddətində kompensasiya istifadəçinin hesabına köçürülür.

Kompensasiyanın məbləği təyin olunarkən təşkilatçı və tezlik istifadəçisinin iştirakı təmin olunur və onun mövqeyi öyrənilir.

Mübahisələrin həlli qaydası

Bu Qaydanın icrası ilə əlaqədar yaranan mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll edilir.

Xəbər lenti

Xəbər lenti