...

Bizi izləyən əcnəbilərə tariximizdən süzülüb gələn o dəyərlərdən danışdıq - Rəqsi ilə dünyanı heyran edən gənc (FOTO)

Cəmiyyət Materials 18 Mart 2024 12:37 (UTC +04:00)
Bizi izləyən əcnəbilərə tariximizdən süzülüb gələn o dəyərlərdən danışdıq - Rəqsi ilə dünyanı heyran edən gənc (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi Rusiyanın Soçi şəhərində keçirilən “Dünya Gənclər Festivalı 2024” tədbirində ölkəmizi təmsil edib.

Genişmiqyaslı beynəlxalq tədbirə tələbələrimiz də daxil olmaqla Azərbaycandan 150 gənc qatılıb. Onlar Azərbaycana aid məlumatların digər ölkə gənclərinə çatdırılmasına öz töhfələrini veriblər. Memarlıq fakültəsi memarlıq ixtisasının 2-ci kurs tələbəsi Aylin Bayramovanın təqdimatında nümayiş olunan Azərbaycan milli rəqsləri festivala xüsusi rəng qatıb.

Aylin Bayramova festivalla bağlı öz təəssüratlarını bizimlə bölüşüb.

Aylin, maraqlıdır, festival necə keçdi, bir gənc olaraq nələr qazandın?

Bir sözlə ifadə etsəm, sadəcə möhtəşəm. Festival yüksək səviyyədə təşkil olunmuşdu. Dünyanın müxtəlif ölkələrindən gənclər seçilmişdi. Rəngarəng keçən festivalda dünya xalqlarının mədəniyyətini tanımaq, ən əsası həmin ölkələrdən gələn gənclərlə ünsiyyətdə olmaq xoş idi. Biz Azərbaycanlı gənclər olaraq bizə yaradılan imkandan maksimum yararlandıq. Çoxlu dostlar, təcrübə qazanmaq, ölkəmizi, tariximizi, mədəniyyətimizi dünyaya tanıtmaq imkanı əldə etdik. Soçidə olduğumuz müddətdə sərgiyə də qatıldıq, müxtəlif xalqların milli mədəniyyətləri, adət-ənənələri ilə tanış olduq. Qeyd etmək istəyirəm ki, bir həftə davam edən “Dünya Gənclər Festivalı 2024” bu il hər kəs üçün daha humanist və ədalətli gələcək arzulayan gəncləri birləşdirmək məqsədilə həyata keçirilirdi.

Hansı ölkə nümayəndəsi ilə əlaqə qurdun? Ümumiyyətlə dost qazana bildinmi?

Çin və Şri-Lankadan gələn gənclərlə dostluqlar qurdum. Stendlərində yer alan milli geyimlər ilə şəkillər çəkdirdim (gülür). Birgə müzakirələr apardıq, mədəniyyətlərimiz barədə bir-birimizi məlumatlandırdıq. Onlar mənə öz əlaqə nömrələrini verdilər. Festivalın bitməyinə baxmayaraq, onlarla dostluğumuz davam edir, biz sosial şəbəkələr vasitəsi ilə danışırıq.

Ölkəmizin stendini necə təsvir edərdin?

Azərbaycanın adına layiq bir stend hazırlamışdıq. Lap əvvəldən festivalda iştirak edən əcnəbi gənclərin diqqətini cəlb edə bildik. Azərbaycanın milli adət-ənənələrindən, tarixindən, mədəniyyətindən, mətbəxindən əcnəbilərə məlumat verdik. Bu qürurverici hiss idi. Əcnəbi gəncləri milli mətbəximizə aid şirniyyatlarımızdan – şəkərbura, paxlava, qoğal və digər təamlara qonaq etdik. Hər kəsin üzü gülürdü. Festivalda, həmçinin maariflənidirici mühazirələr, müxtəlif əyləncəli fəaliyyətlər, o cümlədən çoxlu sayda mədəni tədbirlər də keçirildi. Bağlanış mərasimində isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak etdi, bir çox gəncin suallarını cavablayıb, uğurlar arzuladı.

Bildiyimiz qədəri ilə siz orada milli rəqslərinizi nümayiş etdirmisiniz…

Festivalda Rusiyanı təmsil edən həmyerlimiz Səidə Kasumova ilə birgə kompozisiya nümayiş etdirdik. Onun ifasında "Sarı gəlin" mahnısı səsləndi və mən də öz rəqsimlə mahnını müşayiət etdim. Alqışlarla qarşılanan kompozisiyamız Rusiya və Azərbaycan dostluğunu nümayiş etdirdi. Təbii ki, bunu gözü götürməyənlər də oldu.

Yəqin ki, bizim uğurlarımızı həzm edə bilməyən qonşularımızı deyirsən?!

Düz tapdınız. Onlar festivalda cürət etməsələr də, küçə də qondarma “Dağlıq Qarabağ”ın bayrağını qaldırdılar. Gənclər və İdman Nazirliyindən bizə rəhbərlik edən nümayəndəmizlə birgə Ermənistandan olan həmin iştirakçıdan şikayət etdik. Bildirdik ki, bu, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir. Nəticədə həmin iştirakçı festivaldan uzaqlaşdırıldı.

Və bizim nümayəndə heyətinin, eləcə də sənin möhtəşəm çıxışların davam etdi... Həyəcanlı idin?

Festivalda səhnəyə qalxanda, mən xoş həyəcan duyurdum. Bu həyəcan oynayacağım rəqsin gətirdiyi bir duyğu idi, amma rəqsə başlayan kimi həyəcanım dərhal yoxa çıxırdı. Mən dünya və milli rəqslərimizi bacarıram. Lakin Azərbaycan milli rəqslərini ifa edəndə bunu mükəmməl yerinə yetirməyə çalışıram. Çünki festivalda nümayiş etdirdiyim milli rəqslərdə xalqımızın tarixi, mənəvi dünyası, adət-ənənəsi, psixologiyası, xarakteri yaşayır. Rəqslərimiz sadəcə, primitiv hərəkətlər ardıcıllığı, başqa sözlə desək, musiqinin tempinə uyğun ritmik bədən hərəkətlərindən ibarət incəsənət növü deyil. Bizi izləyən əcnəbilərə tariximizdən süzülüb gələn o dəyərləri anlatdıq. Nə xoş ki, bu gözəl alındı.

Aylin Bayramova festivala seçim proseduru haqqında da danışıb. O qeyd edib ki, festivalın nümayəndə heyətinin tərkibində olmaq üçün 3 mərhələdən keçib...

Birinci mərhələdə mən özüm haqqında forumu doldurdum. Sonra Azərbaycan Gənclər Təşkilatı tərəfindən müsahibə əsasında seçim aparıldı. Mən özüm haqqında ümumi məlumat verdim. Təhsil aldığım universitet, peşəkar rəqs fəaliyyətim haqqında danışdım. Sonda onlar mənim də festivala seçildiyimi bildirdilər. Çox xoşbəxtəm ki, mən də həmin festivalda iştirak etdim.

Xəbər lenti

Xəbər lenti