...

“Azerbaijan Fish Farm” şirkəti Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Xəzər dənizinə 50 min nərə balığı buraxıb (FOTO)

Cəmiyyət Materials 22 May 2024 13:28 (UTC +04:00)
“Azerbaijan Fish Farm” şirkəti Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Xəzər dənizinə 50 min nərə balığı buraxıb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2001-ci ildən etibarən 22 may tarixi Beynəlxalq Biomüxtəliflik Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini bir çox bitki və heyvan növlərinin nəslinin kəsilməsi probleminə, eləcə də onların qorunub saxlanılması və bərpası yollarına yönəltməkdir. BMT Baş Assambleyası tərəfindən təsis edilən bu illik tədbir ekoloji aktual problemlərin həlli üçün qlobal əməkdaşlığa çağırış rolunu oynayır.

“LU-MUN Holding”in törəmə şirkəti olan “Azerbaijan Fish Farm” MMC 22 may 2024-cü il tarixində Neftçala rayonunda yerləşən Kür-Təcrübi Nərə Balıqartırma Zavodunda Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirib.

Tədbir çərçivəsində Xəzər dənizinə 50 min nərə balığı balığı buraxılıb. Bu, şirkətin Xəzər dənizinin endemik balıq növlərinin biomüxtəlifliyinin qorunmasına mühüm töhfəsidir. “Azerbaijan Fish Farm” şirkəti Xəzər dənizində ekoloji tarazlığın qorunması baxımından mühüm əhəmiyyət kəsb edən nərə balıqlarının populyasiyalarının bərpası və qorunub saxlanması üzrə öhdəlik götürüb.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, eləcə də balıqçılıq müəssisələrini təmsil edən ekspertlər və yüksək vəzifəli şəxslər də daxil olmaqla 100-dən çox fəxri qonaq iştirak edib. Tədbirdə iştirak edən xarici qonaqlar və səfirlik əməkdaşları bu cür korporativ ekoloji məsuliyyət proqramlarının əhəmiyyətini qeyd ediblər.

Xatırladaq ki, iqlim dəyişmələri ilə mübarizə üzrə qlobal öhdəliklərə uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ili “Yaşıl Dünya üçün Həmrəylik İli” elan etməsi ölkəmizin ətraf mühitin mühafizəsinə sadiqliyini bir daha nümayiş etdirir. “LU-MUN Holdinq”in İdarə Heyətinin sədri Rüfət Tabasaranski və “Azerbaijan Fish Farm” şirkətinin baş direktoru Məmməd Nəzərəliyev çıxışları zamanı əsas diqqəti qarşıdan gələn COP 29 konfransına və ekoloji problemlərin həlli məsələsinin prioritetliyinə yönəldiblər.

Biomüxtəlifliyin qorunmasına aktiv yanaşmanın parlaq nümunəsi olan bu təşəbbüs regionda ətraf mühitə məsuliyyətli yanaşma üçün presedent yaradır. Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş bu tarixi tədbir həm Xəzər dənizində nərəkimilərin ehtiyatlarının bərpası üçün kollektiv fəaliyyətin vacibliyini, həm də “Azerbaijan Fish Farm” şirkətinin ətraf mühitin mühafizəsinə və dayanıqlı inkişafa sadiqliyini əyani şəkildə nümayiş etdirib.

Tədbirin əsas tərəfdaşı “Mərcan” brendi altında toyuq məhsulları istehsal edən “Azerbaijan Poultry Company” olub. Digər tərəfdaşlar qismində FAO təşkilatı, “Azpol” şirkəti və “Ukrayna Ticarət Evi” çıxış edib.

“Azerbaijan Fish Farm” MMC haqqında

“Azerbaijan Fish Farm” MMC dayanıqlı akvakultura və ətraf mühitin mühafizəsi ilə məşğuldur. Nərə balıqlarının yetişdirilməsi və “Baku Caviar” brendi altında kürü istehsalı üzrə ixtisaslaşan şirkət qlobal bazarın tələblərinə riayət etməklə yanaşı, Xəzər dənizinin ekoloji tarazlığını qorumağa çalışır.

Xəbər lenti

Xəbər lenti