Bakı. Trend:
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdiriləcək “Naxçıvanda xüsusi mühafizə olunan ərazilər arasında əlaqələnmənin möhkəmləndirilməsi” adlı layihə üçün təfsilatlı layihə sənədinin hazırlamasına başlayıb.
Trend xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti bildirir ki, sözügedən layihənin konsepsiya sənədi GEF və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib və sənəd nazirlik tərəfindən təsdiq olunub. Layihənin hədəf ərazisi Şərqi Kiçik Qafqaz dəhlizidir. Məqsədi isə Naxçıvanda təbii resursların ekoloji cəhətdən dayanıqlı istifadəsinin təşviqi yolu ilə Şərqi Kiçik Qafqaz dəhlizində biomüxtəlifliyin qorunmasıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Layihə İdarəetmə Bölməsini dəstəkləmək üçün xüsusi struktur yaradacaq.