Bakı. Trend:
DİM avqustun 4-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
Bu barədə Trend-ə Mərkəzdən bildirilib.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Məlumat üçün bildiririk ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün 894 namizəd qeydiyyatdan keçib. Bakıda 864, Naxçıvan isə 30 namizədin imtahan verəcəyi gözlənilirdi.
Avqustun 5-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
xxx
05:28
Bu gün Bakı və Naxçıvanda Rezidentura Qəbulu İmtahanının 2-ci Mərhələsi Keçiriləcək
Trend-in Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata görə, bu gün Bakı və Naxçıvan şəhərlərində rezidentura qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.
İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində isə 1 binada təşkil olunacaq və saat 10:00-da başlayacaq. İmtahanın müddəti 2 saat 30 dəqiqə olacaq.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış, yəni saat 09:45-də giriş rejimi başa çatacaq. Bu vaxtdan sonra imtahan binasına gələn namizədlər buraxılmayacaq.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahan keçid portalından çap edə bilərlər.
İmtahan günü namizəd şəxsiyyətini təsdiq edən sənədin orijinalını və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidir. Göstərilən sənədlərdən biri olmadığı və ya sənədlər arasında uyğunsuzluq olduğu halda, namizəd imtahana buraxılmayacaq.
Kütləviliyin qarşısını almaq məqsədilə imtahan iştirakçıları üçün fərqli daxilolma vaxtları müəyyən edilib və bu vaxtlar buraxılış vərəqəsində qeyd olunub. Buna görə də, namizədlərin imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmələri vacibdir.
Məlumat üçün bildirək ki, II mərhələdə iştirak etmək üçün 894 namizəd qeydiyyatdan keçib. Onlardan 335-i oğlan, 559-u qızdır. 712 namizəd Azərbaycan bölməsindən, 182 namizəd rus bölməsindən, 318 namizəd cari ilin, 576 namizəd isə əvvəlki illərin məzunudur. 5 namizəd xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 864, Naxçıvan şəhərində isə 30 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi və 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Qeyd edək ki, bu mərhələdə iştirak edəcək 894 namizədin 655-i ötən illərdəki imtahan nəticələrinə, 239-u isə cari ilin imtahanlarında əldə etdiyi müsbət nəticələrə əsasən ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.