Bakı. Trend:
Xaçmaz rayonunda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri davam etdirilir.
Rayonun şəhər, kənd və qəsəbələri gündən-günə gözəlləşir. Bu baxımdan Xudat şəhərində görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir. Bu dəfə görülən işlərə daha çox sevinənlər isə velosiped istifadəçiləri olacaq. Çünki Xudat şəhərində ilk dəfə velosiped zolaqları salınır.
Son illər Xudat şəhərində həyata keçirilən tikinti- quruculuq və abadlıq işləri şəhərin simasını tamamilə dəyişib.
Ötən il 26 küçəyə asfalt salınıb, yeni işıqlandırma sistemi quraşdırılıb. Bu istiqamətdə işlər davam etdirilir. Hazırda Xudat şəhərinin küçə və prospektlərində səkilərə tamet döşənir. Velosiped həvəskarlarının təhlükəsiz hərəkətini təmin etmək üçün velosiped zolaqları salınır. Görülən işlər velosiped həvəskarları tərəfindən sevinclə qarşılanır.
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsinə xüsusi diqqət verilir. Qısa müddətdə magistral yolların kənarına park və xiyabanlara xeyli sayda ağac və gül kolları əkilib.
Xaçmaz rayonunda əhalinin həyata şəraitinin yaxşılaşdırılması istiqamətində infrastruktur layihələrin icrası ardıcıl şəkildə davam etdiriləcək.