Bakı. Trend:
Norveç Televiziya və Radio Simfonik Orkestrinin zalında Azərbaycan musiqisinə həsr olunmuş kamera konserti keçirilib.
Trend xəbər verir ki, konsert soydaşımız, skripka ifaçısı Narın Musayeva Folgerö və onun musiqiçi həmkarlarının təşkilatçılığı ilə baş tutub.
Norveçdə yaşayan Narın Musayeva Folgerö Sumqayıt şəhərində doğulub. Bir çox yerli və beynəlxalq səviyyəli müsabiqə və festivallarda iştirak edib, müxtəlif mükafatlara layiq görülüb. 10 ildən çoxdur ki Norveç Televiziya və Radiosunun simfonik orkestrinin skripkaçısıdır.
Narın Musayeva Folgerö və həmkarlarının ifası ənənəvi kamera konserti silsiləsindən olsa da, çalınan əsərlər Norveç dinləyicisi üçün yenilik olub.
Azərbaycan musiqisinə həsr olunmuş konsertdə Ü.Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı”, Q.Qarayevin simli kvarteti, skripka və fortepiano üçün sonatası, “İldırımlı yollarla” baletindən miniatürləri, “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, F.Əmirovun “Muğam-Poema”, “Məhəbbət rəqsi”, həmçinin “Bayatı-Şiraz” muğamının solo skripka üçün işləməsi səsləndirilib. Adı çəkilən muğamı solo skripka üçün Mirhəşim Həşimov və Azad Əliyev işləyib.
Yerli sakinlərlə yanaşı qonşu ölkələrdən dinləyicilərin də iştirak etdiyi konsert çox böyük maraq və rəğbətlə qarşılanıb.