...

Azərbaycanlı alim yenidən dünyanın ən nüfuzlu alimləri arasında yer alıb

Cəmiyyət Materials 23 Sentyabr 2024 12:20 (UTC +04:00)
Azərbaycanlı alim yenidən dünyanın ən nüfuzlu alimləri arasında yer alıb

Bakı. Trend:

Azərbaycan əsilli Alman ekoloqu, resurs və enerji iqtisadçısı Dr. Elxan Sadik-Zadə dünya səviyyəsində mühüm bir nailiyyətə imza atıb.

Trend-in məlumatına görə, E.Sadik-Zadə artıq ikinci dəfə ardıcıl olaraq Elsevier və Stanford Universiteti tərəfindən dərc olunan siyahıda dünyanın ən nüfuzlu 1% alimləri arasında yer alaraq, öz sahəsində qlobal səviyyədə böyük etiraf qazanıb.

Bu barədə E.Sadik-Zadə belə qeyd edib: "İkinci dəfə ardıcıl olaraq Elsevier və Stanford Universiteti tərəfindən dünyanın ən nüfuzlu 1% alimləri arasında yer almaq mənim üçün böyük şərəfdir və həyəcanvericidir. Bu etiraf mənim inkişaf idarəçiliyi və iqtisadiyyatı, xüsusilə də ekoloji, enerji və resurs iqtisadiyyatı sahələrindəki fəaliyyətimi əks etdirir".

Qeyd edək ki, E.Sadik-Zadə, Almaniyanın ən böyük universitetlərindən biri olan Ruhr Universiteti Bochum, Neu-Ulm Tətbiqi Elmlər Universiteti və Cənubi Afrikanın Qərbi-Keyp Universitetinin baş dosentidir. O, eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetində Avropa Araşdırmaları Mərkəzinin fəxri rəhbəridir.

Onun ekoloji idarəçilik, davamlı enerji mənbələri və iqtisadi inkişaf sahəsindəki elmi tədqiqatları beynəlxalq səviyyədə geniş təqdir olunur və qlobal miqyasda mühüm problemlərin həllinə yönəlib.

Dr. Sadik-Zadənin bu möhtəşəm uğuru, onun həm Azərbaycan, həm də Almaniya elm dünyasında nüfuzunu bir daha təsdiqləyir və onun beynəlxalq səviyyədə tanınan bir alim olaraq fəaliyyətini davam etdirdiyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti