Bakı. Trend:
Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 10 oktyabr 2024-cü il tarixdə test imtahanı keçirilmiş və imtahanın nəticələri Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, həmin test imtahanında müvəffəqiyyət qazanmış 163 namizəd 20 oktyabr 2024-cü il tarixədək Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub aşağıda qeyd olunan sənədləri “PDF” faylı formasında skan edilmiş vəziyyətdə həmin sənədlərin adlarına uyğun müvafiq bölmələrə yükləməlidirlər.
- əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti (hazırda işləyən və ya əvvəllər işləmiş namizədlər);
- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (Forma № 086-poliklinikanın möhürü ilə təsdiq olunmuş fotoşəkilli), ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;
- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
- yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;
- hərbi biletin qeydlər aparılmış səhifələrinin surəti;
Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.