Bakı.Trend:
Qastroturizmin inkişafı ölkəmiz üçün prioritet istiqamətlərdən biridir.
Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin məzun günündə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O bildirib ki, milli mətbəx nümunələrimizin qorunması, Azərbaycanın qastronomiya destinasiyası kimi dünyada təbliği istiqamətində genişmiqyaslı işlər görülür.
“Dövlət Turizm Agentliyi tərəfindən milli mətbəx nümunələri pasportlaşdırılıb, ölkənin biomüxtəliflik potensialı aqro-qastro turizm marşrutlarına qazandırılıb. Bundan əlavə, peşəkar kulinarların yetişdirilməsi, gənc aşpazların inkişafı və ixtisaslaşması dəstəklənib. Aşpazlar üçün pilot tədris qrupunun yaradılması da bu qəbildən olan layihələrdəndir. Bu proqram gənc aşpazların peşəkar inkişafı üçün əvəzsiz təcrübədir”,- deyə o qeyd edib.