...

Hərbi hissədə tapşırıq adı altında 1 milyon 558 manat ödəniş edilib - MN-dəki mənimsəmə işi

Cəmiyyət Materials 14 Oktyabr 2024 17:05 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramov ifadəsinə əlavəsinin olduğunu bildirib.

O qeyd edib ki, 2019-cu ilin 2021-ci ilin oktyabr ayınadək korpusun maliyyə xidmətinin rəisi vəzifəsində işləyib və həmin dövrdə 3 787 341 manat vəsait kənarlaşdırılıb:

“Maliyyə Nazirliyinin yoxlama aktında 719 328 manat qanuni ödənilən məbləğ kənarlaşdırılan məbləğ kimi göstərilib ki, bu da mümkün deyil. Bu məbləğin kənarlaşdırılmadığını əvvəlki ifadələrində qeyd etmişəm. Bunu maliyyələşmə şöbəsinin rəisi Sadıq Sadıqov və maliyyə hissə rəisi Elmin Bəyəndikli də məhkəmədə verdiyi ifadəsində təsdiqləyiblər. Hərbi hissədə kənarlaşdırılan məbləğin bölgüsünə əsasən xüsusi tapşırıq adı altında 1 milyon 558 manat ödəniş edilib.

Hərbi hissə komandirinin yeməkxana xərcləri, hərbi hissəyə gələn qonaqların və hərbi hissənin digər xərclərinin ödənilməsi üçün hər ay 2-3 min manat olmaqla Beyləqan rayonunda yerləşən “Real market” ərzaq mağazası və “Zirvə” hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 24 ay ərzində 48 min manat vəsait ödənilib.

Mağazadan məhsulları sürücülər, aşbazlar və hərbi hissənin mühasibi Rüfət Quliyev götürürdü. Vəsait açılanda pulu çatdırmaq üçün Rüfət Quliyevə mən vermişəm. Bundan əlavə Beyləqanda yaşayan və kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Hamlet Allahverdiyevə 24 ay ərzində hər ay 5 min manat olmaqla ümumilikdə 120 min manat ödəmişəm”.

Onun sözlərinə görə, bu dövrdə Hamlet adlı şəxsə çatası pulu hər ay korpus komandirinin yavəri vəzifəsində xidmət edən Ülfət Abbasquliyevə verib:

“Çünki Hamleti o, tanıyırdı. 2020-ci ilin sentyabr ayından sonra isə bu vəsaitləri Hamlet adlı şəxsə özüm ödəmişəm.

Bayram Bayramov məhkəməyə vəsatətlə müraciət edərək Ülfət Abbasquliyev, Xalid Məmmədov, Rəşad Salmanov, Bəxtiyar Əliyev, Orxan Cavadlı, Hamlet Allahverdiyev, Rüfət Quliyev, Namiq Məmmədov, Əli Hümbətzadə, Cavid Eyvazov, Fərrux Xəlilov, Xəyal, Ələmdar, Bəhruz və Gəncədə yerləşən “N” saylı hərbi hissənin mənzil istismar xidmətinin rəisinin dindirilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti