...

Almaniyada azərbaycanlı bəstəkarın təşkilatçılığı ilə beynəlxalq musiqi festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2024 17:40 (UTC +04:00)
Almaniyada azərbaycanlı bəstəkarın təşkilatçılığı ilə beynəlxalq musiqi festivalı keçirilib (FOTO)

Bakı. Trend:

Almaniyada azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Səsin Körpüsü” ("Bridge of Sound") ansamblının yaradıcısı və bədii rəhbəri, həmyerlimiz Xədicə Zeynalovanın təşkilatçılığı ilə “Səsin harmoniyası” (“Harmony of Sound”) adlı dördüncü beynəlxalq musiqi festivalı keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Kuba musiqi mədəniyyətinə həsr olunan festival “Passion de Cuba” adı altında Almaniyanın üç müxtəlif şəhərində - Bilefeld, Marienmünster və Detmoldda məşhur konsert zallarında təşkil edilib.

Festivala bir çox ansambl və solistlər, o cümlədən Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Səsin körpüsü” kamera ansamblı, kubalı və alman musiqiçilərdən ibarət “Sonando”, “Los Pipos” latın-caz musiqi ansamblları, akardeon və saksafondan ibarət “Konbrio” adlı duet qatılıb.

Festival proqramına Kuba, Almaniya və Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Konsertlərdə, həmçinin Xədicə Zeynalovanın məhz bu festival üçün bəstələnmiş "Bakı Süitası", "Dialoqo" adlı əsərlərinin "Konbrio" və "Bridge of Sound" ansambllarının ifasında premyerası gerçəkləşib.

Bəstəkar “Səsin Harmoniyası” Beynəlxalq Musiqi Festivalının Azərbaycan musiqi mədəniyyətinin bütün dünyada təbliğinə, eləcə də dünya xalqlarının musiqi mədəniyyətlərinin birləşməsinə xidmət etdiyini bildirib. Xalqlar arasında sülhə çağırış olduğunu vurğulayıb.

Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı şanlı Qələbə münasibətilə Xədicə Zeynalovanın təşkilatçılığı ilə 2021-ci ilin noyabrında ilk dəfə “Səsin harmoniyası” Alman-Azərbaycan Beynəlxalq Musiqi Festivalı keçirilib. İlk festival “Odlar Yurdundan – Zəfərə doğru” (“Vom Land des Feuers”), ikinci musiqi festivalı “Sülh naminə”( “Um des Friedens willen”) şüarları ilə baş tutub. Üçüncü festival isə Argentina musiqinə həsr olunub.

Soydaşımız Almaniyanın tanınmış “Klosterlandschaft OWL” Fondu və Almaniya Mədəniyyət Nazirliyi tərəfindən “Artist in Residence – Künstlerin des Jahres 2024” mükafatına və nominasiyasına layiq görülüb, ilin bəstəkarı seçilib.

Xəbər lenti

Xəbər lenti