Bakı: Trend:
Prezident mükafatına layiq görülmək mənim üçün çox böyük qürurdur. Bu qüruru başa düşmək üçün bunu hiss etmək lazımdır.
Bu sözləri Trend-ə ötən gün Prezident mükafatına layiq görülən gənclərdən olan İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Rüstəm Əzimov təəssüratlarını bölüşərkən deyib.
O qeyd edib ki, Prezident mükafatı onun üçün ən yaxşı stimuldur:
"Mən öz işimlə məşğul olanda bundan zövq alıram. Amma zövq almaqla yanaşı, eyni zamanda adama stimul da olanda daha yaxşı olur. Prezident mükafatı mənim üçün ola biləcək stimulların ən yaxşısıdır. Çox sevindiricidir ki, mənim işim qaranlıq otaqlarda tətqiqat aparmaqla, elmi konfranslarda danışmaqla yekunlaşmır, nəticələrdən kimlərsə xəbərdardır. Ən əsası gördüyüm tədqiqat işlərindən Prezident İlham Əliyev xəbərdardır".
Rüstəm Əzimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən gənclərə verilən mükafat təkcə onları yox, həm də ətrafındakı gəncləri həvəsləndirir.
"Mən ən çox da buna görə sevindim ki, bu mükafat bir adama veriləndə həmin mükafatın verildiyi şəxsin ətrafında olan gənclər də bundan ciddi bir stimul alır. Mənim əlimdə artıq bir əsas var ki, ətrafımda olan gəncləri elmi fəaliyyətə cəlb edim. Mənim elmi nəticələrim var idi. Mənə görə bu mükafat həmin elmi nəticələrə diqqət olduğunun təsdiq edilməsi deməkdir. Mən bu uğurumu həm də İdarəetmə Sistemləri İnstitutunun kollektivi ilə bölüşürəm, çünki onlar hər bir çətin zamanımda mənə dəstək olub, mənə can yandırıblar.
Fürsətdən istifadə edərək mənimlə birlikdə bu mükafata layiq görülən bütün gəncləri təbrik edirəm. Mənim əməyimə bu cür qiymət verdiyi üçün Prezident İlham Əliyevə minnətdaram", - deyə gənc mükafatçı əlavə edib.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilir:
Ağalarov Mircavid Elşad oğlu
Əjdərli Aytac Ceyhun qızı
Əzimov Rüstəm Bakir oğlu
Hacıbəyli Rafael Siyavuş oğlu
İsrafilova Fatimə Seymur qızı
Məhərrəmova Şövkət Fikrət qızı
Məmmədzadə Vüqar Əbdüləli oğlu
Muradova Jalə Tərlan qızı
Nuruzadə Ömər İman oğlu
birgə fəaliyyətə görə:
Abdullayev Nihat Rauf oğlu
Əliyeva Ləman Əhəd qızı.