Xankəndi. Trend:
İllər idi ki, Xankəndinin yazı da, payızı da zimistana dönmüşdü. Xankəndi adı çəkiləndə bağrımızın başı od tutub yanırdı. İndi isə hər şey fərqlidir. Xankəndiyə gözəl bir bahar gəlir. Baharda vətənimizin hər yerində olduğu Xankəndi də al-əlvan gül-çiçəyə bürünüb.
Trend xəbər verir ki, şəhərdə yazqabağı təmizlik işlərinə başlanıb.
Sakinlərin ən çox üz tutduqları istirahət məkanlarında abadlıq işləri ilə yanaşı, yeni güllər əkilir. İstər şəhərin mərkəzi parkında, istərsə də ətraf ərazilərdə əkilən gül- çiçəklər qədim Xan yurduna əlavə gözəllik, təravət gətirir.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Azərbaycan ordusu Xankəndini azad edib 35 illik həsrətdən sonra bizləri arzularımızın, xəyallarımızın şəhərinə qovuşdurdu.
İki ildir ki, Xankəndi şəhərinə bahar təravətli yaz gəlir, gülə-gülə, fərəhlə, qürurla. Bu bahar xan yurdunda şəhərin daşı da, qayası da, küçələri də abadlaşmağa, gözəlləşməyə başladı, ruhu təmizləndi.