Bakı. Trend:
2025-2026-cı tədris ili üzrə paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 1 630 vətəndaş müraciəti cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki,12 fevral-10 mart tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Çağrı Mərkəzinə (146-1 nömrəli) 1 347 zəng, [email protected] elektron poçtuna 222 müraciət daxil olub. 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə isə 61 vətəndaş müraciət edib.
Qeyd edilib ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
"Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya [email protected] elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər.
Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur",- deyə məlumatda qeyd edilib.