Bakı. Trend:
Bu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.
Trend xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Xankəndi şəhərində Yel çərşənbəsi tonqalı alovlandırılıb. Şəhərin mərkəzində yandırılan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, rayon sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıb.
Yel çərşənbəsi münasibəti ilə bir çox küçələrdə və həyətlərdə
tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı
ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.
Qeyd edək ki, martın 18-də meydanda bayram konserti olacaq.