Bakı. Trend:
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 12-13 mart tarixlərində nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Cəbrayıl şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr aparılır.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumatı yayıb.
Bildirilib ki, ikigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji
müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru göz
sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik
astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz
xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən
nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və
çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait
yaradılıb.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 190-a yaxın
vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.
Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.