Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Belə ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlardan 10-u fərdi mühafizə vasitələrinə, 28-i əməyin mühafizəsi üzrə təlimatlara, 11-i əməyin mühafizəsi üzrə tələblərə, 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizə vasitələri üzə sınaq prosedurlarına dair tələbləri əhatə edir.
Yeni standartların iş yerlərində tətbiqi əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm önəm kəsb edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə tərəfindən əmək sahəsi üzrə standartların hazırlanması istiqamətində işlər davam edir.