Bakı. Trend:
Avropa Şurası yanında daimi nümayəndəliyimiz tərəfindən Strasburq şəhərində Novruz bayramı münasibətilə muğam konserti təşkil olunub.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, şəhərin mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön kilsəsində keçirilən bu konsertdə Avropa Şurasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbirdə açılış qeydləri ilə çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Novruz bayramı və xalqımızın mədəni irsi barədə iştirakçılara məlumat verib, eləcə də 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etdiyini, 2016-cı ildə isə Novruzun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.
Konsertə toplanan çoxsaylı iştirakçılara tarzən Rövşən Qurbanov və kamança ifaçısı Toğrul Əsədullayevin müşayiətində ölkəmizin istedadlı və tanınmış xanəndələri Rəvanə Qurbanova və Mirələm Mirələmov tərəfindən əsasən Novruz bayramı və baharın gəlişi mövzusu ətrafında hazırlanmış musiqi proqramı təqdim olunub. Azərbaycan muğamının könül oxşayan nümunələri rəğbət və alqışlarla qarşılanıb.